ŞƏKİNİN SƏHİYYƏ SİSTEMİ MÜASİRLƏŞDİRİLƏCƏKDİR
Şəki mərkəzi rayon xəstəxanasının baş həkimi Sehran Məmmədov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, Şəki layihənin həyata keçirilməsi üçün seçilmiş 5 pilot rayondan biridir. Bu il nazirliyin və bankın nümayəndələri bir-neçə dəfə Şəkidə olmuş, şəhərdə və kənd yerlərində səhiyyə ocaqlarının mövcud vəziyyəti ilə maraqlanmış, obyektlərin maddi-texniki təchizat məsələləri ilə tanış olmuş, əhaliyə göstərilən tibbi xidmətin vəziyyəti ilə bağlı sakinlər arasında sorğu keçirmişlər. Bundan əlavə, pilot rayonların səhiyyə şöbələri rəhbərlərinin, habelə Səhiyyə Nazirliyi və Dünya Bankı nümayəndələrinin iştirakı ilə Şəki şəhəri İcra hakimiyyətində xüsusi müşavirə də keçirilmiş, layihə ilə bağlı məsələlər hərtərəfli müzakirə olunmuşdur.
Baş həkimin bildirdiyinə görə, layihədə Şəki şəhərində müasir tələblərə cavab verən 100 çarpayılıq yeni xəstəxananın tikilməsi, şəhərdə və kəndlərdə mövcud səhiyyə obyektlərinin əsaslı təmiri və müasir tibbi avadanlıqla təchiz olunması, bir neçə kənddə yeni ambulatoriya və xəstəxanaların inşası nəzərdə tutulmuşdur.