Şəmkir rayonunda qəsdən adam öldürməyə cəhd göstərən şəxs cinayət məsuliyyətinə cəlb olunub
Bakı, 6 yanvar, AZƏRTAC
Oktyabrın 20-də saat 20 radələrində Şəmkir rayonu ərazisində Rəsulov Orxan Yusif oğluna bıçaq zərbələri vurularaq qəsdən öldürülməsinə cəhd göstərilməsi faktı üzrə Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə rayon prokurorluğunda cinayət işi başlanıb, istintaq aparılıb.
Şəmkir Rayon Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, istintaqla zərərçəkmişin qonşusu 1991-ci il təvəllüdlü Əhmədov Fəxri Akif oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Orxan Rəsulovu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyənləşdirildiyindən o, Cinayət Məcəlləsinin həmin maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilib, hadisə yerinə baxış keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.