Şəmkirdə Azərbaycanın Milli Qəhrəmanı İsgəndər Aznaurovun xatirəsi anılıb
Şəmkir, 21 aprel, Famil Quliyev, AZƏRTAC
N saylı hərbi hissədə Azərbaycanın Milli Qəhrəmanı İsgəndər Aznaurovun xatirəsi anılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şəmkir Regional Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə keçirilən anım tədbirində hərbi hissənin hərbçiləri ilə yanaşı, deputat Sona Əliyeva, rayon icra hakimiyyəti başçısının müavini Aynur Abdullayeva, N saylı hərbi birlik komandirinin şəxsi heyətlə iş üzrə müavini, polkovnik-leytenant Rasim Manafov, İsgəndər Aznaurovun ailə üzvləri, keçmiş döyüş yoldaşları və müharibə veteranları iştirak ediblər.
Anım tədbirində Milli Qəhrəmanın həyatı və qəhrəmanlıq salnaməsi haqqında danışılıb. Qeyd olunub ki, 1989-cu ildə Özbəkistanın Fərqanə vadisindəki qanlı olaylardan sonra İsgəndər də yüz minlərlə ahısqalı kimi oranı tərk etməyə məcbur olub və 1990-cı ildə ailəsi ilə birlikdə Şəmkir rayonunun Kür qəsəbəsinə köçüb. Erməni faşistlərinin doğma torpaqlarımıza basqınları İsgəndəri də narahat edir və o, könüllü olaraq milli ordu sıralarına yazılıb.
“Topçu İsgəndər” kimi tanınan İ.Aznaurov Başkəndin erməni quldurlarından təmizlənməsində, “Mutudərə”, “Ərdağı”, “Kaftar qayası”, “Ləzgi daşı” əməliyyatlarında xeyli düşmən texnikasını, canlı qüvvəsini məhv edib. Qanlı döyüşlərin birində qəhrəmancasına həlak olub.
Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 15 yanvar tarixli Fərmanı ilə baş leytenant Aznaurov İsgəndər Söhrab oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.
Anım tədbirində Şəmkir rayon Kür Mədəniyyət Evinin kollektivi milli qəhrəmanın həyatını əks etdirən kompozisiya ilə çıxış ediblər.
Sonda tədbir iştirakçıları İsgəndər Aznaurovun həyat yoluna həsr olunmuş “İsgəndərin sorağında” filminə baxıblar.