Şəmkirdə bibisinin evindən pul və qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb
Bakı, 6 yanvar, AZƏRTAC
Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları rayonun Şiştəpə kəndində oğurluq edən şəxsi saxlayıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, aparılan araşdırmalarla rayon sakini 23 yaşlı Elşən Həsənovun ötən il dekabrın 28-də yaşadığı Şiştəpə kəndində bibisinə məxsus fərdi yaşayış evinə qanunsuz daxil olduğu və oradan 1500 manat dəyərində qızıl-zinət əşyalarını gizli talayaraq oğurladığı müəyyənləşdirilib.
Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində E.Həsənovun bu ilin yanvarında da eyni ünvandan 1800 manat məbləğində nağd pul və 7000 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması, daha sonra isə cinayət izlərini itirərək məsuliyyətdən yaxa qurtarmaq üçün fərdi yaşayış evini yandırmaq istəməsi məlum olub.
Şübhəli şəxs saxlanılaraq istintaqa təhvil verilib. Dindirilmə zamanı E.Həsənov törətdiyi oğurluq hadisəsini etiraf edərək oğurladığı əşyaları lombarda girov qoyduğunu və əldə etdiyi pulları xərclədiyini bildirib.
Faktla bağlı araşdırma aparılır.