Şəmkirdə Əhməd Cavad və Mehmet Akif Ersoyun xatirəsi anılıb
Şəmkir, 4 iyun, Famil Quliyev, AZƏRTAC
Azərbaycan Yazıçılar Birliyinin (AYB) təşəbbüsü, Şəmkir Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Şəmkirdə VIII Şairlər Günü münasibətilə Əhməd Cavad və Mehmet Akif Ersoyun xatirəsinə həsr olunmuş ədəbi-bədii görüş keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbiri açan AYB-nin mətbuat xidmətinin rəhbəri, Şairlər Günü layihəsinin təsisçisi Xəyal Rza bu günün yaranma ideyasından danışıb. Bildirib ki, Şairlər Günü ideyası ilk dəfə 8 il bundan qabaq Bakıda reallaşıb. Az müddətdə türk dünyasından olan yazarların da qoşulduğu layihə beynəlxalq status qazanıb. Ötən ildən başlayaraq bu layihə respublikamızın regionlarında icra edilməyə başlanıb. Layihənin əsas məqsədi türk dünyasının şair və yazıçılarını geniş ictimaiyyətə tanıtmaq, həmçinin müasir yazarlar arasındakı ədəbi-mədəni və yaradıcılıq əlaqələrini daha da möhkəmləndirməkdir.
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov tədbirin Əhməd Cavad və Mehmet Akif Ersoyun yaradıcılığına həsr edildiyinə görə məmnunluğunu ifadə edib.
İLESAM-ın (Türkiyə Elm və Ədəbi Əsər sahibləri Birliyi) sədri Mehmet Nuri Parmaksız layihənin əhəmiyyətindən söz açıb. Bildirilib ki, bu cür tədbirlərin keçirilməsi türk dünyasının yazarları arasındakı mənəvi bağlılığı gücləndirməklə, həm də eyni dövrdə yaşamış, yaxud həyat və yaradıcılıqlarında müxtəlif məhrumiyyətlərlə qarşılaşan yazarların əsərlərini müqayisə və təhlil etmək, eləcə də paralellər aparmaq baxımından dəyərlidir.
Çıxış edən tanınmış ədiblər və ziyalılar Əhməd Cavadın və Mehmet Akif Ersoyun həyat və yaradıcılığından danışıblar.
Tədbir şagirdlərin ifasında ədəbi-bədii kompozisiyanın nümayişi ilə sona çatıb.