CƏMİYYƏT
Şəmkirdə şəhid üçün tikilən evi söküb yerində məscid tikmək iddiasında olan şəxs saxlanılıb
Bakı, 16 sentyabr, AZƏRTAC
Şəmkir Rayon İcra Hakimiyyətindən rayon polis şöbəsinə daxil olan müraciətdə bildirilib ki, rayonun Dəllər qəsəbəsində rayon icra hakimiyyəti tərəfindən ayrılan torpaq sahəsində şəhid Zaur Abbasovun həyat yoldaşı, 2-ci qrup əlil, Minayə Abbasova üçün tikilən fərdi yaşayış evini qəsəbə sakini Edqar Osmanov sökərək, həmin ərazidə məscid tikdirəcəyini iddia edərək hüquqazidd əməllərini çəkərək bir sıra sosial şəbəkələr və xəbər saytlarında paylaşıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, müraciətlə əlaqədar rayon polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə gələrək E.Osmanovla izahedici-profilaktiki söhbətlər aparılmasına baxmayaraq, o, qanunsuz əməllərinə davam edərək polisin qanuni tələblərinə tabe olmayaraq cəmiyyətə açıqca hörmətsizlik edərək qanunsuz əməllərini gələcəkdə də davam etdirəcəyini bildirib.
Buna görə də E.Osmanov polis əməkdaşları tərəfindən saxlanılaraq rayon polis şöbəsinə gətirilib. Onun barəsində protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə E.Osmanov Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkət) və 535.1-ci (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama) maddələri ilə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs edilib.