Şəmkirli fermer 60 sot ərazidən 1 ton yer fıstığı götürməyi planlaşdırır VİDEO
Şəmkir, 1 noyabr, Famil Quliyev, AZƏRTAC
Şəmkir rayonunun Sarıtəpə kəndində yer fıstığının yığımına başlanılıb.
AZƏRTAC xəbər verir ki, yer fıstığı 80-ci illərdə Özbəkistandan Şəmkirə gətirilib və Sarıtəpə kəndində məskunlaşan məhsəti türkləri tərəfindən əkilib. Bu bitkinin becərilməsi zəhmətli olsa da, daimi bazarı var və gəlirli sahə sayılır.
Fermer Əli Ələkbərov AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib ki, əkin işləri may ayında həyata keçirilib. Altmış sot ərazidə yer fıstığı əkib. Sahəyə aqrotexniki qulluq olunduğu üçün bol məhsul yetişib. Hazırda isə məhsul yığımı gedir. Fermer 60 sot ərazidən 1 tonadək məhsul əldə etməyi düşünür.
Qeyd edək ki, yer fıstığının tərkibi yağ, protein və digər maddələrlə zəngindir.