SƏNAYE VƏ ENERGETİKA NAZİRLİYİNDƏ İSVEÇRƏNİN “EGL-AXPO” ŞİRKƏTİNİN RƏHBƏRLİYİ İLƏ GÖRÜŞ KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, mayın 13-də Azərbaycan sənaye və energetika naziri Natiq Əliyev İsveçrənin “EGL-AXPO” şirkətinin rəhbəri Robert Lombardini ilə görüşmüşdür.
Bildirilmişdir ki, “EGL-AXPO” İsveçrənin ən böyük şirkətlərindən biridir və əsasən İtaliya, Yunanıstan və Fransada bir sıra böyük layihələr həyata keçirir. “EGL-AXPO” hazırda “Statoil hidro” şirkəti ilə əməkdaşlıq edərək Transadriatik kəmərinin inşası layihəsi üzərində işləyir. Layihənin texniki göstəriciləri səmərəli olduğundan bu məsələdə Azərbaycanın da seçimi tərəfdaşlar üçün böyük əhəmiyyət daşıyır.
Layihə ilə bağlı yaxın vaxtlarda Albaniya ilə İtaliya arasında sazişin imzalanması gözlənilir. Ölkəmiz üçün bu məsələnin əhəmiyyətini nəzərə alaraq Azərbaycan-İtaliya enerji dəhlizinin yaradılması üçün sazişin imzalanması da nəzərdə tutulur.
“EGL-AXPO” şirkətinin rəhbərliyi ilə aparılan müzakirələrdə belə bir fikir də səslənmişdir ki, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Andris Piyebalqısla keçirilmiş görüşdə qaz kəmərləri layihələri ilə bağlı dövlətlər arasında səmərəli əməkdaşlığın təmin edilməsi üçün Əlaqələndirmə Şurası yaradılması qərara alınmışdır.
Sənaye və energetika naziri Natiq Əliyev bildirmişdir ki, Avropa İttifaqının təşəbbüsü ilə yaradılan Əlaqələndirmə Şurasında Azərbaycanın iştirakının təmin olunması ölkəmizin maraqları baxımından əhəmiyyətli olardı.
Mayın sonlarında təbii qazın Avropa bazarına çatdırılması məqsədi ilə Azərbaycan, Türkiyə, Yunanıstan və İtaliyanın energetika nazirlərinin görüşü keçiriləcək və saziş imzalanacaqdır. Bu saziş Türkiyə ərazisindən Avropaya Azərbaycan qazının nəqlini rəsmiləşdirəcəkdir.
Görüşdə Azərbaycanla İsveçrə arasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə üzrə əməkdaşlıq məsələri də müzakirə olunmuşdur.