SƏNAYE VƏ ENERGETİKA NAZİRLİYİNDƏ MÜŞAVİRƏ KEÇİRİLMİŞDİR
Nazirliyin şöbə müdirlərinin, “Azərenerji” ASC-nin, qurumun tərkibində olan müəssisələrin, “Bakıelektrikşəbəkə” və “Sumqayıtelektrikşəbəkə” səhmdar cəmiyyətlərinin rəhbərlərinin iştirak etdikləri müşavirəni giriş sözü ilə nazir Natiq Əliyev açmışdır. O, qeyd etmişdir ki, ümummilli liderimiz Heydər Əliyevin böyük əhəmiyyət verdiyi elektroenergetika sahəsi bu gün Prezident İlham Əliyevin diqqəti və qayğısı sayəsində yeni inkişaf mərhələsini yaşayır. Ölkənin elektrik enerjisi istehsalı və ötürülməsi sisteminin təkmilləşdirilməsi istiqamətində irimiqyaslı layihələr həyata keçirilir.
Tədbirdə nazirliyin şöbə müdirləri Rafiq Rzayev, Tahir Cəfərov, şöbə müdirinin müavini Vidadi Həsənov, dövlət enerji nəzarəti idarəsinin rəisi Vidadi Məmmədov, “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev çıxış etmişlər.
Qeyd olunmuşdur ki, 2015-ci ilə qədər olan dövrü əhatə edən müvafiq Dövlət Proqramı respublikanın elektrik enerjisi potensialının işə salınmasında və enerji müstəqilliyinin təmin edilməsində mühüm rol oynayır. Beş regionda tikintisi nəzərdə tutulmuş modul tipli stansiyalardan biri - Astara elektrik stansiyası bu ilin əvvəlində istismara verilmişdir və hazırda gündə 1 milyon kilovat-saatdan artıq elektrik enerjisi istehsal edir. Bu ay gücü 87 meqavat olan Şəki, oktyabrda Xaçmaz modul stansiyaları, dekabrda Bakıda 104 meqavat, Naxçıvanda 87 meqavat gücündə elektrik stansiyaları iişə düşəcəkdir. Nəticədə enerji sisteminin ümumi gücü 450 meqavat artacaqdır. 507 meqavat gücündə Sumqayıt elektrik stansiyası 2007-ci ilin sonunda istismara veriləcəkdir. 2008-ci ildə “Şimal” İstilik Elektrik Stansiyasında 400 meqavatlıq ikinci enerji bloku işə salınacaq, Mingəçevir İstilik Elektrik Stansiyasında blokların yenidən qurulması nəticəsində 450 meqavat yeni generasiya gücü əldə ediləcəkdir. Ötürücü infrastrukturun inkişafı və yenidən qurulması üzrə yeni layihələr reallaşdırılır. Almaniyanın KfW bankının krediti hesabına elektrik enerjisinin ötürülməsi sisteminin yenidən qurulması proqramı yerinə yetirilir.
Ötən 8 ayda ölkənin elektrik stansiyalarında 15,9 milyard kilovat-saat elektrik enerjisi istehsal edilmişdir. Bu müddətdə bir kilovat-saat elektrik enerjisinin istehsalına sərf edilən şərti yanacağın miqdarı 381,2 qramdan 370,6 qrama düşmüşdür. Yəni 60 min tona yaxın şərti yanacağa və ya 45 min ton mazuta qənaət edilmişdir. Növbəti payız-qış mövsümünə hazırlıqla əlaqədar elektrik stansiyalarında aparılan təmir-profilaktika işləri nəticəsində 170 meqavat güc məhdudiyyəti aradan qaldırılmışdır. İlin əvvəlindən “Azərtenerji”nin tərkibinə verilmiş paylayıcı şəbəkələrin fəaliyyətini, xüsusilə istehlak olunan elektrik enerjisinin uçot və ödəniş sisteminin səmərəsini təmin etmək üçün ciddi tədbirlər görülür. 46 şəbəkə rayonundan 41-də sayğaclaşma işlərinə başlanmışdır. Bu ilin iyul ayının əvvəlindən bəri 150 minə yaxın abonentə (ümumi abonentlərin 16 faizi) sayğac quraşdırılmışdır. Avqust ayında enerji haqlarının ümumi yığım səviyyəsi 61,7 faiz təşkil etmişdir. Səkkiz ayın nəticələrinə görə bu rəqəm 43,5 faizdir.
Natiqlər müzakirə olunan məsələlərə dair təkliflərini də bildirmişlər.
Müşavirədə Nazirlər Kabinetinin maşınqayırma və energetika şöbəsinin müdiri Səyyaf İsmayılov çıxış etmişdir.