Sənayenin qeyri-neft-qaz sektorunda istehsal 12,1 faiz artıb
Bakı, 10 mart, AZƏRTAC
Yanvar-fevral aylarında sənayenin qeyri-neft-qaz sektorunda məhsul istehsalı 12,1 faiz artıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən iki ayda 7,1 milyard manatlıq və ya 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 4 faiz az sənaye məhsulu istehsal edilib.
Sənaye məhsulunun 29,1 faizi emal sektorunda istehsal olunub. Emal sektorunda əczaçılıq məhsullarının istehsalı 9,6 dəfə, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 7,2 dəfə, kompüter, elektron və optik məhsulların istehsalı 3 dəfə, ağacın emalı və ağacdan məmulatların istehsalı 2,2 dəfə, tütün məmulatlarının istehsalı 2,1 dəfə, maşın və avadanlıqların istehsalı 2 dəfə, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 2 dəfə, rezin və plastik kütlə məmulatlarının istehsalı 45,3 faiz, kağız və karton istehsalı 26,5 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 26,5 faiz, tikinti materiallarının istehsalı 13,2 faiz, kimya sənayesi məhsullarının istehsalı 6,5 faiz, elektrik avadanlıqlarının istehsalı 6,2 faiz, qida məhsullarının istehsalı 2,5 faiz artıb.
Geyim istehsalı 4 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 6,1 faiz, neft məhsullarının istehsalı 17,9 faiz, içkilərin istehsalı 18,6 faiz, hazır metal məmulatlarının istehsalı 20,2 faiz, mebel istehsalı 59,6 faiz, poliqrafiya məhsullarının istehsalı 67,7 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 74,3 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 95,7 faiz azalıb.