SƏNƏDLƏRİN İMZALANMASI MƏRASİMİ
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, sentyabrın 23-də Sofiyada Azərbaycan Prezidenti İlham Əliyevin və Bolqarıstan Prezidenti Georgi Pırvanovun geniş tərkibdə görüşü başa çatdıqdan sonra dövlət başçılarının iştirakı ilə sənədlərin imzalanması mərasimi olmuşdur.
Əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyev və Bolqarıstan Prezidenti Georgi Pırvanov birgə bəyannaməni imzaladılar.
Sonra Azərbaycan Respublikası Hökuməti ilə Bolqarıstan Respublikası Hökuməti arasında Avropa və Avratlantik inteqrasiyası sahəsində əməkdaşlıq haqqında memorandumu Azərbaycan tərəfindən xarici işlər naziri Elmar Məmmədyarov, Bolqarıstan tərəfindən xarici işlər nazirinin müavini xanım Yevgeniya Kovdanova imzaladılar. Azərbaycan Respublikası Hökuməti ilə Bolqarıstan Respublikası Hökuməti arasında sadələşdirilmiş viza rejimi haqqında sazişi Azərbaycan tərəfindən xarici işlər naziri Elmar Məmmədyarov, Bolqarıstan tərəfindən xarici işlər nazirinin müavini Lyubomir Küçükov imzaladılar. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Bolqarıstan Respublikasının “Tamojnı” agentliyi arasında kadrların peşəkar hazırlığının və ixtisasının artırılması üzrə gömrük
əməkdaşlığının təkmilləşdirilməsi sahəsində qarşılıqlı anlaşma protokolunu Komitənin sədri Kəmaləddin Heydərov, “Tamojnı” agentliyinin sədri Asen Asenov imzaladılar. Azərbaycan Respublikasının və Bolqarıstan Respublikasının aviasiya hakimiyyəti orqanları arasında gələcək əməkdaşlıq haqqında protokolu “Azərbaycan Hava Yolları” Dövlət konserninin baş direktoru Cahangir Əsgərov və Bolqarıstan mülki aviasiya administrasiyasının baş direktoru Georgi Stoyanov imzaladılar. Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti və Bolqarıstan Milli Televiziyası arasında əməkdaşlıq haqqında sazişi Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin sədri Nizami Xudiyev və Bolqarıstan Milli Televiziyası İdarə heyətinin üzvü Milen Lıkov imzaladılar. Bolqarıstan-Azərbaycan Dostluq Cəmiyyəti və Azərbaycan-Bolqarıstan Dostluq Cəmiyyəti arasında birgə fəaliyyət və əməkdaşlıq haqqında müqaviləni Bolqarıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Nikolay Petev, Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev imzaladılar.