“SƏNİN OXŞARIN BƏNÖVŞƏDİ...”
ŞƏHİD ŞAİR ÜLVİ BÜNYADZADƏNİN YENİ KİTABI ŞAPDAN ÇIXMIŞDIR
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məslisin deputatı Mehriban xanım Əliyevanın şəxsi qayğısı ilə “Ağrıdağ” nəşriyyatında nəfis tərtibatda buraxılmış kitab 1990-cı ilin Qara Yanvarında şəhid olmuş tələbə şair Ülvi Bünyadzadənin ölümsüzlüyə qovuşduğu 16 ildə oxucuları ilə dördüncü görüşüdür. Kitaba mərhum şairin şeir və hekayələri, “Ömür yolu” poeması, “Qansızlar” povesti, pyesləri, məqalələri, məktub və tərcümələri daxil edilmişdir.
Şəhid şairin bibisi, kitabın tərtibçisi, filologiya elmləri namizədi Almaz Ülvinin yeni nəşrdəki “Ön söz” əvəzi yazısını həyəcansız oxumaq mümkün deyildir. Sən demə, Ülvi öz ölümünü qabaqcadan hiss edibmiş. Hətta “Vəsiyyətnamə”sini də yazıb bibisinə veribmiş. Lakin onun ölümünü ağlına belə gətirməyən Almaz xanım şeirlə yazılmış “Vəsiyyətnamə”ni hər dəfə cırıb atmışdır. Ondan yalnız 3 beytini bərpa etmək mümkün olmuşdur:
Atama oğul deyiləm,
Anama oğul deyiləm.
Bu ocağın kor çırağı,
Yanmayacaq işığıyam.
Atam-anam zəmanədir,
Mən zəmanə uşağıyam.
“Ön söz”də müəllif qardaşı oğluna müraciətlə yazmışdır: “Ağır da olsa toxtaqlıq tapıram ki, məqsədini, niyyətini, arzunu tamamlaya bilmisən. Eşqini, İlhamını, Torpaq, Vətən, Millət uğrunda mübarizəni tarixləşdirən şah əsərini yazmısan - Şəhid adınla əbədiləşdirmisən. Bütün bunları - bu nəhəng dünyanı cəmi iyirmicə illik ömrünə sığışdıra bilmisən! Çiçək şəhidim!”
Kitabın “Ülvi ömrünə söz işığı” bölməsində ədəbiyyat və sənət adamlarımızın, şair, yazıçı, alimlərimizin Ülviyə həsr etdikləri yazıları, şəhid şairin ömrünün müxtəlif anlarını əbədiləşdirən fotoşəkilləri də verilmişdir.
Allah, bütün şəhidlərimizə rəhmət eləsin!