“ŞƏNLİK” RƏQS QRUPU BEYNƏLXALQ FESTİVALDA UĞURLA ÇIXIŞ ETMİŞDİR
FOMGED-in rəhbəri Mustafa Kavasoğlunun dəvəti ilə tədbirdə ölkəmizi ARDNŞ-in Sosial İnkişaf İdarəsinin nəzdində fəaliyyət göstərən Mədəniyyət və İstirahət İşləri Departamenti Səttar Bəhlulzadə adına Mədəniyyət Sarayının “Şənlik” rəqs qrupu təmsil etmişdir.
10-na yaxın ölkədən nümayəndələrin qatıldığı festivalda Lalə İbrahimovanın rəhbərlik etdiyi qızlarımızın çıxışları böyük maraq və rəğbətlə qarşılanmışdır. “Şənlik” 4 rəqs nömrəsi-“Azad bir quşam”, “Dostluq” kompozisiyaları, “Şən” və “Qaval” rəqslərini təqdim etmişdir.
Qala konsertdə hər ölkəyə bir rəqs nömrəsi ilə çıxış etməyə icazə verildiyi halda, göstəricilərinə görə Azərbaycana tamaşaçılar qarşısına iki nömrə ilə çıxmaq imkanı verilmişdir.
Festivalın gedişində İzmir bələdiyyəsinin başqanı və şəhər valisi “Şənlik” rəqs qrupunun üzvlərini xüsusi görüşə dəvət etmiş, onlara hədiyyələr vermişlər. ARDNŞ-in Sosial İnkişaf İdarəsinin Mədəniyyət və İstirahət İşləri Departamentinin rəhbəri İlham Quliyev də hər iki qurumun təmsilçilərinə ölkəmiz adından hədiyyələr təqdim etmişdir.
Festival haqqında material dərc edən “Milliyyət”, “Hürriyyət” və “Yeni əsr” qəzetlərində “Şənlik” qrupunun maraq doğuran çıxışları haqqında ətraflı materiallar dərc olunmuşdur.