SEPAH ABŞ ilə hərbi qarşıdurmanın başa çatmasının mümkün olduğunu açıqlayıb
Qahirə, 9 sentyabr, AZƏRTAC
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ ilə hərbi qarşıdurmanın başa çatmasının mümkün olduğunu açıqlayıb.
AZƏRTAC “əl-Hədəs” telekanalına istinadla xəbər verir ki, SEPAH-ın sözçüsü Hüseyn Muhibbi bunun üçün şərtləri açıqlayıb.
Muhibbinin sözlərinə görə, hərbi qarşıdurmanın başa çatması üçün ABŞ hərbi əməliyyatları tam dayandırmalı, İsrail qoşunlarının Livandan çıxarılmasını təmin etməli, Yəmənə tətbiq edilən blokadaya son qoymalı və İranın 24 milyard dollar həcmində dondurulmuş aktivlərini azad etməlidir.
SEPAH, həmçinin ABŞ-dən İranın nüvə və raket proqramlarına müdaxilə etməməyi tələb edib. Muhibbi qeyd edib ki, Vaşinqton bu şərtlərə əməl edəcəyi təqdirdə mövcud vəziyyətin sona çatması mümkündür.
Eyni zamanda, SEPAH Hörmüz boğazından kənarda yeni “qadağan olunmuş zona” müəyyənləşdirib. Qeyd olunub ki, ərazi Çabahar hüdudlarından başlayaraq Oman körfəzinin bir hissəsini və Ərəbistan dənizinin müəyyən qismini əhatə edəcək. Zonanın dəqiq koordinatlarının daha sonra açıqlanacağı bildirilib.
Hüseyn Mühibbi xəbərdarlıq edib ki, sözügedən əraziyə əvvəlcədən razılaşdırılmadan daxil olan gəmilərə qarşı cəza tədbirləri görüləcək və onların naviqasiya xidmətlərindən istifadəsi məhdudlaşdırılacaq.