Serbiyada 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılmışdır
Belqrad, 20 yanvar (AZƏRTAC). Yanvarın 20-də Azərbaycanın Serbiyadakı səfirliyi tərəfindən Qanlı Yanvar faciəsinin 24-cü ildönümü ilə əlaqədar anım mərasimi keçirilmişdir.
Tədbirdə Serbiya parlamentində fəaliyyət göstərən dostluq qrupunun üzvləri, Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin və Serbiya-Azərbaycan Ticarət-İqtisadi Palatasının təmsilçiləri, bu ölkədə təhsil alan azərbaycanlılar, jurnalistlər və müsəlman icmasının nümayəndələri iştirak etmişlər.
Tədbir iştirakçıları əvvəlcə 20 Yanvar faciəsini əks etdirən fotoguşə ilə tanış olmuş, şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Səfir Eldar Həsənov faciə zamanı sovet qoşunları tərəfindən törədilmiş vəhşilikləri xatırlatmış, milli azadlıq yolunda şəhid olan qəhrəmanların xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağına əminliyini bildirmişdir. 1990-cı il yanvarın 20-də Sovet İttifaqı Kommunist Partiyası rəhbərliyinin və sovet silahlı qüvvələrinin Azərbaycan xalqına qarşı törətdiyi təcavüzdən söhbət açan səfir azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxan Vətən övladlarının və dinc əhalinin vəhşicəsinə güllə-baran edilməsindən danışmışdır. O bildirmişdir ki, faciə zamanı 130-dan artıq insan qətlə yetirilmiş və 700-dən çox insan müxtəlif dərəcəli bədən xəsarətləri almışdır.
Diqqətə çatdırılmışdır ki, ümummilli lider Heydər Əliyev 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək sovet rəhbərliyinə qarşı açıq etiraz etmişdir. Faciəyə ilk dəfə məhz Ulu Öndərin təşəbbüsü ilə siyasi-hüquqi qiymət verilmişdir.
Sonra mərasim iştirakçıları “Azadlığa aparan yol” sənədli filminə baxmışlar.
Səfirlik tərəfindən 20 Yanvar faciəsinin səbəb və nəticələrini özündə əks etdirən məlumat toplusu hazırlanmış və xarici ölkələrin Belqraddakı səfirliklərinə, beynəlxalq təşkilatların nümayəndəliklərinə, Serbiyanın dövlət qurumlarına və qeyri-hökumət təşkilatlarına göndərilmişdir. Eyni zamanda, səfirliyin təşəbbüsü ilə Serbiyanın aparıcı “Politika” qəzetində “Azərbaycanın Qara Yanvarı”, “Danas” qəzetində isə “Qara Yanvarın dərsləri” məqalələri dərc edilmişdir.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad