Sergey Taruta: Pandemiya dövründə Azərbaycan-Ukrayna əməkdaşlığı dostluq münasibətlərimizin təzahürüdür
Kiyev, 8 iyun, AZƏRTAC
Azərbaycan və Ukraynanın pandemiya dövründə də əməkdaşlığı dostluq münasibətlərimizin təzahürü kimi qiymətləndirilməlidir.
Bu fikri AZƏRTAC-a açıqlamasında Ukrayna Ali Radasının deputatı Sergey Taruta söyləyib.
Deputatın sözlərinə görə, tarixən iki ölkə arasında mövcud olan dostluq münasibətləri bu gün də davam edir. Bu çətin zamanda Ukrayna bir daha Azərbaycanın dəstəyini hiss etdi.
Azərbaycan diasporunun Ukraynada ən güclü diaspor olduğunu deyən S.Taruta etnik azərbaycanlıların Ukraynanın ictimai-siyasi, iqtisadi və mədəni həyatında vacib rol oynadığını qeyd edib. “Bu gün azərbaycanlılar Ukrayna cəmiyyətinə uğurla inteqrasiya edir, müxtəlif dövlət qurumlarında təmsil olunurlar”, - deyə S.Taruta əlavə edib. Deputatın sözlərinə görə, pandemiya dövründə də Azərbaycan diasporunun nümayəndələri Ukrayna xalqına öz yardımlarını əsirgəməyib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev