“SƏRHƏD” HƏRBİ-İDMAN OYUNLARININ QALİBLƏRİNƏ MÜKAFATLAR TƏQDİM OLUNMUŞDUR
AZƏRTAC xəbər verir ki, iyunun 12-də Dövlət Sərhəd Xidmətinin (DSX) mərkəzi aparatında “Sərhəd” hərbi-idman oyunu qaliblərinin mükafatlandırılması mərasimi keçirilmişdir.
Mərasimdə çıxış edən DSX-in ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Cəbrayıl Əliyev bildirmişdir ki, Dövlət Sərhəd Xidməti rəisinin, təhsil, gənclər və idman nazirlərinin birgə qərarı əsasında gənc nəsli Vətənə məhəbbət, onun sərhədlərinin toxunulmazlığına hörmət ruhunda tərbiyə etmək, onlarda sərhədçi peşəsinə marağı artırmaq məqsədi ilə növbəti “Sərhəd“ hərbi-idman oyunu keçirilmişdir. Üç mərhələdə keçirilmiş hərbi-idman oyununda 27 sərhəd rayonunun 135 məktəbinin 675 şagirdi iştirak etmişdir. Apreldə keçirilmiş birinci mərhələdə sərhədyanı kəndlərin məktəbləri, mayda keçirilmiş ikinci mərhələdə isə ilk turda qalib gəlmiş 24 məktəbin 120 şagirdi iştirak etmişdir.
İyunun 5-dən 12-dək Lənkəran sərhəd dəstəsinin “Astara” sərhəd nəzarəti məntəqəsinin bazasında final mərhələsinə vəsiqə qazanan 8 zonanın qalibləri - Culfa şəhər 1 nömrəli məktəbinin “Araz”, Füzuli rayonu Horadiz qəsəbə orta məktəbinin “Ərgünəş”, İmişli rayonu Qızılkənd orta məktəbinin “Qızılkənd”, Lənkəran şəhər internat məktəbinin “Xəzər”, Xaçmaz rayonu Nabran kənd orta məktəbinin ”Qartal”, Qəbələ rayonu Vəndam kənd orta məktəbinin “Vəndam”, Balakən rayonu Yeni Şərif kənd orta məktəbinin “Sərhədçi”, Qazax rayonu Birinci Şıxlı kənd orta məktəbinin “Sərhəd” komandaları öz bacarıqlarını nümayiş etdirmişlər.
Final turunun iştirakçıları sıra hazırlığı, nəqliyyat vasitələrinə baxışın təşkili, avtomatın sökülüb-yığılması, hədəfə atəş açmaq, maskalanma, sərhəd pozucusunun yaxalanması, yaralıya ilk tibbi yardımın göstərilməsi, ləpirçilik üzrə tapşırıqları icra etmişlər. Toplanmış ümumi xalların miqdarına görə “Qartal” komandası birinci, “Vəndam” ikinci, “Sərhədçi” isə üçüncü yeri tutmuşlar.
Tədbirdə DSX-nin rəisi, general-leytenanat Elçin Quliyev, gənclər və idman nazıri Azad Rəhimov, təhsil nazirinin müavini İradə Hüseynova çıxış edərək “Sərhəd” hərbi-idman oyununun gənclərin vətənpərvərlik tərbiyəsində, onların hərbi xidmətə hazırlanmasında rolundan danışmış, qalibləri təbrik etmişlər.
Qeyd olunmuşdur ki, torpaqlarımızın 20 faizinin erməni işğalı altında olduğu bir vaxtda belə oyunların keçirilməsi xüsusi əhəmiyyətə malikdir. Ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən daxili və xarici siyasət nəticəsində regionun lider dövlətinə çevrilmiş Azərbaycan dövlətinin ərazilərinin bərpa olunması üçün mübariz ruhlu, əsl vətənpərvər gənclərin yetişdirilməsi bu gün qarşıda duran başlıca vəzifələrdəndir.
Qaliblər kubok, fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılmışlar.