Şeron Gil: UNEP şəhərlərin hərəkətə keçməsinə mane olan məlumat boşluğunu aradan qaldırmaq üçün fəal şəkildə çalışır
Bakı, 20 may, AZƏRTAC
Şəhərlər dünyada yaranan plastik tullantıların böyük hissəsini yaradır. Bu yaşayış məntəqələri həm də ən güclü idarəetmə alətlərinə malikdir. Satınalmalar, zonalaşdırma, tullantı infrastrukturu və ictimai maarifləndirmə kimi vasitələr sistemli dəyişikliklərə səbəb ola bilər. Hər gün təxminən 2 min tullantı maşını həcmində plastik okeanlara, çaylara və göllərə atılır. Hər il isə 19–23 milyon ton plastik tullantı ekosistemlərə sızaraq su hövzələrini çirkləndirir.
AZƏRTAC xəbər verir ki, bunu BMT-nin Ətraf Mühit Proqramının (UNEP) submilli iqlimlə mübarizə bölməsinin rəhbəri Şeron Gil Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə "Plastik çirklənmə ilə mübarizə: Yaşamaq üçün uyğun şəhərlərin və dairəvi iqtisadiyyatın təşviqi" mövzusunda keçirilən tədbirdə deyib.
O bildirib ki, UNEP şəhərlərin hərəkətə keçməsinə mane olan məlumat boşluğunu aradan qaldırmaq üçün fəal şəkildə çalışır: "Biz BMT sistemindəki tərəfdaşlarımız, həmçinin bu qurumdan kənar tərəfdaşlarla sıx əməkdaşlıq edirik. UNEP dörd təcrübə icması yaradıb və altı regional mərkəz vasitəsilə fəaliyyət göstərir. Artıq 18 ölkə ilə əməkdaşlıq edərək, plastik çirklənmə mənbələrinin müəyyənləşdirilməsi və milli fəaliyyət planlarının hazırlanması istiqamətində potensialın gücləndirilməsinə dəstək verib. Əgər ölkələriniz bu sahədə maraqlıdırsa, sizi bu istiqamətdə çalışan həmkarlarımızla əlaqələndirməkdən məmnun olaram.
Plastik Çirklənməsi və Dəniz Tullantıları üzrə Qlobal Tərəfdaşlıq Fəaliyyət Planlaşdırma Aləti ölkələrə plastik mənbələrinin inventarını hazırlamağa və dairəvi strategiyalar inkişaf etdirməyə kömək edən rəqəmsal platformadır və bu yanaşmalar şəhər səviyyəsində də tətbiq oluna bilər".