“Şərq araşdırmaları” toplusu məqalə qəbulu elan edib
Bakı, 27 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun “Şərq araşdırmaları” toplusu Azərbaycan və rus dillərində məqalə qəbul edir.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, məqalələr çap şəklində, elektron daşıyıcıda və e-mail vasitəsilə ([email protected]) qəbul edilir və müvafiq elm sahəsi üzrə elmlər doktorunun rəyi tələb olunur.
Hər bir məqalə redaksiya heyətinin rəyinə əsasən çap olunur və plagiatlıq faktı aşkarlanan əsərlər dərc edilmir. Məqalələrin qəbulu üçün son 5-10 ilin elmi əsərlərinə istinad edilməli, həmçinin ədəbiyyat siyahısı əlifba sırası ilə verilməlidir.
Məqalələrin yazılışına dair tələblər:
Məqalələrin həcmi (15 vərəq (A4), 14 ölçülü Times New Roman şrifti ilə, interval 1,5, sol kənar 3 sm, sağ kənar 1,5 sm, yuxarı və aşağı hissə 2 sm);
Məqalənin başlığının altında müəllifin adı, soyadı, işlədiyi müəssisə, vəzifəsi və e-mail ünvanı göstərilməlidir;
Məqalənin sonunda məzmunu 2 dildə (rus və ingilis) də eyni olan 150-200 sözdən ibarət xülasə (məqalənin adını yazmaq şərti ilə) və 3 dildə (Azərbaycan, rus və ingilis) açar sözlər verilməlidir;
Mətndəki istinadlar müəllifin soyadı, əsərin nəşr ili və səhifəsi şəklində əks olunmalıdır.
“Şərq araşdırmaları” toplusuna məqalələr aprelin 5-dək qəbul olunur.