İQTİSADİYYAT
“Şərq Tərəfdaşlığı” ölkələrində avtomobil yollarının təhlükəsizliyi məsələsi müzakirə olunub
Tbilisi, 7 mart, AZƏRTAC
Gürcüstan paytaxtında “Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” ölkələrində avtomobil yollarında təhlükəsizliyin təmin olunması” mövzusunda seminar keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə “Şərq Tərəfdaşlığı” ölkələrində avtomobil yollarındakı vəziyyət, nəqliyyatda hərəkətin təşkili və təhlükəsizliyin təmin olunması, yol nəqliyyat hadisələrinin məlumat bazasının yaradılması, məlumatların idarə edilməsi, yollarda yeni infrastrukturun yaradılması və digər məsələlər ətrafında müzakirələr aparılıb. Bildirilib ki, avtomobil yollarında təhülkəsizliyin təmin olunması, yol infrastrukturunun yaradılması və təkmilləşdirilməsi üzv dövlətlər arasında iqtisadi, mədəni, humanitar, ticari əlaqələrin inkişafında mühüm rol oynayır.
Seminarda Azərbaycanda avtomobil yollarının vəziyyəti, yollarda təhlükəsizliyin təmin olunması, vahid məlumat və nəzarət bazasının yaradılması ilə bağlı görülən işlərdən də danışılıb. Qeyd edilib ki, ölkəmizdə Avropa və dünya standartlarına cavab verən yeni yollar inşa olunur, müasir yol infrastrukturu yaradılır.
Tədbir iştirakçıları bu sahədə Avropa İttifaqı ölkələrinin təcrübəsi ilə tanış olublar.
Seminarda Azərbaycan Daxili İşlər, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin, Avtomobil Yolları Dövlət Agentliyinin məsul şəxsləri iştirak ediblər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi