ELM VƏ TƏHSİL
Şərqşünaslıq İnstitutu və Rusiyanın Belqorod Dövlət Milli Tədqiqatlar Universiteti əməkdaşlığa başlayır
Bakı, 19 sentyabr, AZƏRTAC
Sentyabrın 19-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda Rusiyanın Belqorod Dövlət Milli Tədqiqatlar Universitetinin elmi istiqamətlərinin təqdimatı keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirin təşkilatçıları AMEA-nın Şərqşünaslıq İnstitutu, Bakıdakı Rus Evi və Belqorod Dövlət Milli Tədqiqatlar Universitetidir.
Tədbirdə AMEA-nın vitse-prezidenti, Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva, Bakıdakı Rus Evinin rəhbəri İrek Zinnurov, Belqorod Dövlət Milli Tədqiqatlar Universitetinin rektoru Yevgeniya Karlovskaya çıxış ediblər. Çıxışlarda iki elmi müəssisə arasında əməkdaşlığın perspektivləri qeyd olunub.
Sonra AMEA-nın Şərqşünaslıq İnstitutu ilə Belqorod Dövlət Milli Tədqiqatlar Universiteti arasında əməkdaşlığa dair saziş imzalanıb.
Daha sonra qonaqlar “Belqorod Dövlət Milli Tədqiqatlar Universitetinin tarixi tədqiqatlarının prioritet istiqamətləri”, “Belqorod Dövlət Milli Tədqiqatlar Universitetinin İctimai Elmlər və Kütləvi Kommunikasiya İnstitutunun elmi potensialı”, “Mədəniyyətlərarası Kommunikasiya və Beynəlxalq Əlaqələr İnstitutunun elmi məktəblərində aparılan tədqiqatların müasir trendləri” mövzularında təqdimatlarla çıxış ediblər.