ELM VƏ TƏHSİL
Şərqşünaslıq İnstitutunda Zəfər Günü qeyd olunub
Bakı, 3 noyabr, AZƏRTAC
Noyabrın 3-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
Əvvəlcə tədbir iştirakçıları Vətən şəhidlərinin xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun baş direktoru akademik Gövhər Baxşəliyeva ötən əsrin 80-ci illərində Qarabağda baş qaldıran erməni separatçılarının 90-cı illərin əvvəllərində torpaqlarımızın 20 faizini işğal edərək 1 milyondan çox azərbaycanlını doğma yurdundan qaçqın və köçkün saldığını deyərək, 30 ilə yaxın bu torpaqların işğal altında qaldığını xatırladıb. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkədə hərc-mərcliyə, xaosa son qoyulduğunu və ordu quruculuğuna başlanıldığını deyən G.Baxşəliyeva 2003-cü ildən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda iqtisadi islahatların sürətləndiyini, beynəlxalq münasibətlərin inkişafına, modern ordu quruculuğuna başlanıldığını, bütün bunların nəticəsində hakimiyyət və xalq birliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində şanlı Zəfər çalaraq torpaqlarımızı işğaldan azad etdiyini vurğulayıb.
Akademik G.Baxşəliyeva xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən qələbənin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 3 dekabr tarixli Sərəncamına əsasən Şuşa şəhərinin azad edildiyi tarixin - noyabrın 8-nin Azərbaycan Respublikasında Zəfər Günü kimi qeyd edildiyini söyləyib.
Bu il sentyabrın 19-20-də Azərbaycan dövlətinin Qarabağ bölgəsində həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərini xatırladan akademik G.Baxşəliyeva, nəticədə Qarabağ ərazisindəki qondarma qurumun ləğv edildiyini, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Azərbaycanın Dövlət Bayrağını Xankəndi şəhərində ucaltdığını vurğulayıb.
Tədbirdə Şərqşünaslıq İnstitutunun Şərq-Qərb şöbəsinin müdiri dosent Məmmədəli Babaşlı,
Ərəb filologiyası şöbəsinin müdiri dosent Xumar Ələkbərova, Türk filologiyası şöbəsinin müdiri dosent Səriyyə Gündoğdu çıxış ediblər.
Çıxışlarda 8 noyabr qələbəsinin təkcə Azərbaycanın deyil, həm də bütün Türk dünyasının Zəfər Günü olduğu vurğulanıb.