Şərqşünaslıq İnstitutunun kollektivi II Fəxri xiyabanda şəhidlərimizin məzarını ziyarət edib
Bakı, 1 noyabr, AZƏRTAC
AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun kollektivi noyabrın 1-də II Fəxri xiyabanda olub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, şərqşünas alimlər ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın məzarını ziyarət ediblər. Onlar Vətən uğrunda şəhid olan igid oğulların əziz xatirəsini dərin ehtiramla anaraq, məzarları üzərinə gül dəstələri düzüblər.
Şərqşünas alimlər Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun düşmən üzərində şanlı Qələbə qazandığını, eləcə də son antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyünün tam təmin edildiyini, bu döyüşlərdə igid Vətən övladlarının canlarından keçməklə ən uca zirvəyə - şəhidlik zirvəsinə yüksəldiklərini bildiriblər. Bu şanlı Qələbəyə görə şəhidlərimizə borclu olduğumuz ifadə edilib, onların əziz xatirəsinin ürəklərdə daim yaşayacağı, ömür yollarının gələcək nəsillər üçün örnək olacağı vurğulanıb.