“Səssizliyin səsi olaq” - Lənkəran Dövlət Universitetində işarət dilinin təbliği ilə bağlı təlim
Lənkəran, 25 fevral, Bağır Əliyev, AZƏRTAC
Lənkəran Dövlət Universitetində (LDU) Azərbaycan Gənclər Fondunun maliyyələşdirdiyi “Səssizliyin səsi olaq - gənclər arasında işarət dilinin təbliğinin təşkili” mövzusunda təlim keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə çıxış edən LDU-nun sosial məsələlər üzrə prorektoru Kamran Kazımov iştirakçılara tədbirin mahiyyəti barədə məlumat verib.
Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə Dəstək İctimai Birliyinin sədri Səbinə Kərimova, Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım İctimai Birliyinin sədri Cəmilə Abdulova çıxışlarında bildiriblər ki, Nərgiz Abdulovanın rəhbəri olduğu layihənin əsas məqsədi Azərbaycanda yaşayan eşitmə və danışma məhdudiyyəti olan uşaq və gənclərin cəmiyyətə inteqrasiyasına, həmçinin digər ölkələrdə yaşayan bu kateqoriyadan olan həmyaşıdlarına ölkəmizi tanıtmağa nail olmaqdır.
Tədbirdə işarət dili üzrə təlimçi Aytac Qədirova nitq məhdudiyyəti olan şəxslərlə cəmiyyətdə necə ünsiyyət qurulmasından danışıb.
Təlimdə əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasından bəhs edən videoçarx nümayiş olunub, iştirakçılara mövzu ilə bağlı bukletlər paylanılıb.