Şeyxülislam A.Paşazadə Nyu-Yorkda Ravvin Artur Şnayerlə görüşüb
Bakı, 12 oktyabr, AZƏRTAC
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə ABŞ-a səfəri çərçivəsində ABŞ-da və dünyada ən nüfuzlu yəhudi din xadimlərindən biri olan Ravvin Artur Şnayerlə Nyu-York Park East sinaqoq kompleksində görüşüb.
QMİ-dən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə şeyxülislam Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci Vitse-prezident xanım Mehriban Əliyevanın salamlarını Ravvin Artur Şnayerə çatdırıb.
Ravvin A.Şnayer şeyxülislam A. Paşazadə ilə uzun illər davam edən əməkdaşlığını, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevlə keçirdiyi görüşləri böyük rəğbətlə yada saldı.
Görüşdə iştirak edən BMT Baş katibinin müavini, Sivilizasiyalar Alyansının Ali Nümayəndəsi Migel Anhel Moratinos Ravvin Şnayeri və Şeyxülislam A. Paşazadəni dünya miqyaslı dini liderlər olaraq salamladı və bu görüşdə iştirak etməkdən məmnunluq duyduğunu ifadə etdi. O, Azərbaycanın beynəlxalq dinlərarası dialoq prosesində, islamofobiya, antisemitizm və xristianofobiya ilə mübarizədə oncüllük etdiyini qeyd etdi, bu müstəvidə Azərbaycan prezidenti cənab İlham Əliyevin xüsusi rol oynadığını alqışladı.
Görüşdə Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim iştirak edib.