“Səyyar Gənclər Xidməti” layihəsi şimal bölgəsindən yüzlərlə gənci əhatə edib
Bakı, 3 avqust, AZƏRTAC
Ucqar kəndlərdə yaşayan gənclərə fürsətlər qazandırmaq üçün “İmkanlar sənə doğru!” devizi altında həyata keçirilən “Səyyar Gənclər Xidməti” layihəsi Quba rayonunun Üçgün, Gəray, Nügədi, Rustov, Qusar rayonunun Hil və Xaçmaz rayonunun Ağyazı-Buduq kəndlərindən olan yüzlərlə gənci əhatə edib.
AZƏRTAC xəbər verir ki, layihənin başlıca məqsədi Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən dövlət gənclər siyasəti nəticəsində gənclər üçün yaradılan imkan və xidmətlərin, o cümlədən məşğulluq, sahibkarlıq, təhsil, innovasiyalar, kənd təsərrüfatı və digər sahələrdə həyata keçirilən proqramların kəndlərdə yaşayan gənclər üçün əlçatanlığının daha da artırılmasıdır. Layihənin başlıca amalı gənclərin dövlətçilik və vətənpərvərlik ruhunda yetişməsi, ucqar kəndlərdə yaşayan gənclərin sosiallaşması, asudə vaxtlarının səmərəli təşkili, onların bilik və bacarıqlarının, həmçinin dünyagörüşünün genişləndirilməsidir. Bu kontekstdə sözügedən bölgələrdə gənclərin maraqlarını əhatə edəcək mövzular üzrə təlimlər, o cümlədən şəxsi inkişafla bağlı sessiyalar, könüllülük, ixtisas seçimi, əsas həyat bacarıqları və digər mövzularda karantin rejimi qaydalarına riayət olunmaqla açıq hava şəraitində təlimlər keçirilib.
Layihənin icrası zamanı müxtəlif dövlət qurumları tərəfindən gənclərlə bağlı proqramlar üzrə təqdimatlar keçirilib. Həmçinin gənclərin həmin proqramlara cəlb olunması təmin edilib.
“Səyyar Gənclər Xidməti” layihəsi Azərbaycan Respublikasının Gənclər Fondu, “Gənc Könüllülər” İctimai Birliyi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilir. Layihənin növbəti dörd ayda ölkənin 39 rayonunun 100-ə yaxın kəndini əhatə etməsi nəzərdə tutulur.