SİDQİ RUHULLANIN YUBİLEYİ KEÇİRİLMİŞDİR
Bu görkəmli səhnə ustası təkcə fəxri adlarla yadda qalmamışdır. O, səhnə fəaliyyəinə 1908-ci ildə Nəcəf bəy Vəzirovun “Adı var, özü yox” komediyasında Telli rolu ilə başlamışdır. Həmin dövrdə tərəqqipərvər Azərbaycan ziyalıları milli teatrın təməlini qoyurdular və Sidqi Ruhulla da onun inkişafına öz böyük töhfəsini vermişdir. Səhnə fəaliyyəti boyu teatr və kinoda 300-dən çox rol yaratmış aktyor Avropa və Şərq klassikasını eyni dərəcədə məharətlə yaradırdı və artıq 1920-ci ildə Şekspirin və Şillerin pyeslərində baş rolları oynamışdı. Onun Kral Liri Azərbaycan teatr tarixinin incilərindəndir. Aktyorun Azərbaycan klassiklərinin, Hüqonun, Qaldoninin, Dümanın, Aleksandr Ostrovskinin, Qorkinin pyeslərində yaratdığı rollar teatr tariximizin şanlı səhifələrinə çevrilmişdir.
Hüseyn Ərəblinskinin truppasında işlədiyi dövrlərdə Sidqi Ruhulla N.Vəzirovun “Müsibəti-Fəxrəddin” pyesində Rüstəm bəy rolunu uğurla oynamışdır. O, Ərəblinski ilə birlikdə İrəvan, Naxçıvan, Tiflis, Batumi və Vladiqafqaz, sonralar isə Şimali Qafqazın, Orta Asiyanın, İran Azərbaycanının teatrlarında çıxış edərək, Azərbaycan incəsənətinin təbliği ilə məşğul olmuşdur.
Sidqi Ruhulla həm də Tiflis və Təbrizdə Azərbaycan milli teatrlarının yaradıcılarından biri, Rəştdə və Qəzvində ilk teatr tamaşalarının təşkilatçısı idi. Aktyor Təbriz Xeyriyyə teatrını öz vəsaiti hesabına tikdirmişdi. O, Daşkənddə Üzeyir Hacıbəyovun “Leyli və Məcnun”, “Əsli və Kərəm” operalarını səhnəyə qoymuşdu.
Yubiley gecəsində teatrın səhnəsində bir vaxtlar Sidqi Ruhullanın oynadığı pyeslərdən parçalar nümayiş etdirilmişdir.
Sidqi Ruhulla həm də Azərbaycan kinosunun ilk aktyorlarından idi. O, qızıl fonda daxil edilmiş “Hacı Qara”, “Kəndlilər”, “Fətəli xan” filmlərində çəkilmişdir.