Sığortaçılar Assosiasiyası tərkibində xüsusi işçi qrupu yaradılıb
Bakı, 20 iyul, AZƏRTAC
Azərbaycan Sığortaçılar Assosiasiyasında (ASA) sığorta agentləri ilə görüş keçirilib.
ASA-dan AZƏRTAC-a bildirilib ki, görüş çərçivəsində sığorta vasitəçiliyi institutunu maraqlandıran məsələlər, sığorta agentlərinin üzləşdiyi problemlər və onların həlli yolları, həmçinin qanunvericilikdə sığorta vasitəçilərinə dair bölmələrə təklif oluna biləcək əlavə və düzəlişlər müzakirə olunub.
Görüş zamanı Azərbaycan Sığortaçılar Assosiasiyasının icraçı direktoru Abas Miskərli sığorta vasitəçilərinin fəaliyyətinin aktivləşdirilməsi və mövcud çətinliklərin həlli yollarının operativ araşdırılması və aradan qaldırılmasının stimullaşdırılması məqsədilə ASA tərkibində “Sığorta agenti” və “Sığorta brokeri” adlı iki işçi qrupunun yaradıldığını elan edib.
Qeyd edək ki, hazırda ASA tərkibində şirkət rəhbərliklərinin təmsil olunduğu “Həyat sığortaçılığı” və “Qeyri-həyat sığortaçılığı” komitələri, o cümlədən müvafiq sahə mütəxəssislərinin üzv olduğu 20-dək işçi və ekspert qrupları fəaliyyət göstərir.