SİLAHLI QÜVVƏLƏRİMİZİN 90 İLLİYİ VAŞİNQTONDA QEYD OLUNMUŞDUR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, iyunun 25-də Vaşinqtonun möhtəşəm “Fearmont” mehmanxanasında Azərbaycan Silahlı Qüvvələrinin 90 illik yubileyi münasibəti ilə ölkəmizin ABŞ-dakı hərbi nümayəndəliyi tərəfindən ziyafət təşkil edilmişdir. Ziyafətdə hərbi-diplomatik korpusun, ölkənin güc nazirliklərinin təmsilçiləri, Azərbaycan və türk diasporlarının nümayəndələri iştirak etmişlər.
Azərbaycanın ABŞ-dakı hərbi attaşesi polkovnik Eldar İsmayılov qonaqları salamlayıb Silahlı Qüvvələrimizin yaranma tarixindən bəhs etmişdir. Bildirmişdir ki, Azərbaycan Demokratik Respublikasının 1918-ci il iyunun 26-da yaradılmış silahlı qüvvələri ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra böyük inkişaf yolu keçmişdir. Azərbaycan siyasi rəhbərliyinin prioritetlərindən biri təhlükəsizlik təhdidlərinin aradan qaldırılmasıdır. Artıq on ildən çoxdur ki, silahlı qüvvələrimizin təlim və təhsili NATO standartlarına uyğun qururlur. Sülhməramlı qüvvələrimiz 1999-cu ildən Kosovo, 2002-ci ildən Əfqanıstan, 2003-cü ildən isə İraqda beynəlxalq koalisiyanın əməliyyatlarına yardım göstərir. ABŞ hökumətinin Azərbaycan Ordusunun zabit və əsgərlərinin hərbi təlimində göstərdiyi yardıma görə minnətdarlığını bildirən polkovnik E.İsmayılov ölkələrimiz arasında 2002-ci ildən bəri aparılan müdafiə məsləhətləşmələrinin hərbi əməkdaşlığımızın genişlənməsində rolunu vurğulamışdır.
Hərbi-diplomatik korpusun nümayəndələri Azərbaycanlı həmkarlarına peşə bayramları münasibəti ilə yeni uğurlar və nailiyyətlər arzulamışlar.
Müxbirimizlə söhbətində Pentaqonun Avrasiya üzrə direktoru Con Çikki demişdir ki, Azərbaycan Silahlı Qüvvələrinin son illər əldə etdiyi irəliləyiş olduqca böyükdür. Vətəndaşlarınız ordunuzun inkişafı və müasirliyi ilə fəxr edə bilərlər. Bizim Azərbaycanla hərbi əməkdaşlığımız strateji xarakter daşıyır. Bu ölkənin güc nazirlikləri ilə müxtəlif məsələlər üzrə tərəfdaşlıq qurmuşuq. Azərbaycan həmçinin İraq və Əfqanıstanda koalisiyaya dəyərli köməkdir. NATO ilə Fərdi Tərəfdaşlıq Proqramının həyata keçirilməsi üzrə də birgə işləyirik.
######
