Silahlı Qüvvələrin Baş Qərargah rəisi NATO-nun iclasında iştirak edib
Bakı, 16 yanvar, AZƏRTAC
Yanvarın 16-da müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov NATO-nun Brüsseldəki mənzil-qərargahında Alyansın Hərbi Komitəsinin “Qətiyyətli Dəstək” və “Sabitliyin layihələşdirilməsi” formatlarında Baş Qərargah Rəisləri səviyyəsində keçirilən görüşlərdə iştirak edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, “Qətiyyətli Dəstək” formatında keçirilən görüşdə Baş Qərargah Rəisləri Əfqanıstandakı təhlükəsizlik şəraiti, NATO-nun Qətiyyətli Dəstək Missiyasının gedişatı və əməliyyat şəraitindəki dəyişikliklər, o cümlədən Cənub Şərqi Asiya regionundakı vəziyyətə dair müzakirələr aparıblar.
“Sabitliyin layihələşdirilməsi” formatında keçirilən görüşdə isə Avropanın cənub qonşuluğunda təhlükəsizlik və sabitliyə hərbi töhfə məsələləri, eləcə də bu töhfələr üzrə NATO, Avropa İttifaqı, regional təhlükəsizlik təminatçıları və milli səylər arasında əməkdaşlıq məsələləri müzakirə edilib.