silkway.uz saytında IV Bakı Beynəlxalq Humanitar Forumu haqqında yazı yerləşdirilib
Materialda Bakı Forumunun mədəniyyətlərarası, sivilizasiyalararası humanitar əməkdaşlıq məkanı, elmi-siyasi platforma olduğu qeyd olunur.
Məqalədə Forumun açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyevin nitqi geniş işıqlandırılır.
Məqalədə deyilir ki, öz nitqində multikulturalizmin Azərbaycanın həyat tərzinə çevrildiyini bildirən dövlət başçısı ölkəmizdə millətlər və mədəniyyətlər üçün bütün imkanların yaradıldığını qeyd edib. Prezident İlham Əliyev Ermənistanın Azərbaycana təcavüzü və bunun nəticəsində humanitar fəlakət yarandığını, Azərbaycan torpaqlarının 20 faizinin işğal altında olduğunu və bir milyon insanın öz yurd-yuvalarından köçkün düşdüyünü bildirib.
Materialda Prezident İlham Əliyevin ölkəmizin sürətli inkişafı, son on ildə dövlət büdcəsinin 20 dəfə artması, Azərbaycanda həyata keçirilən sosial və infrastruktur layihələri haqqındakı fikirlərinə də geniş yer verilib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd