“ŞİMAL-ŞƏRQ İNKİŞAF LAYİHƏSİ” TƏQDİM EDİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, iyulun 17-də Dəvəçi rayonunda Azərbaycan hökumətinin Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondla (İFAD) birgə maliyyələşdirdiyi “Şimal-Şərq İnkişaf Layihəsi”nin təqdimatı olmuşdur.
Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı kreditləri üzrə Dövlət Agentliyinin, Dəvəçi Rayon İcra Hakimiyyəti nümayəndələrinin, rayonun aqrar sektoru mütəxəssislərinin, torpaq mülkiyyətçisi olan sahibkarların iştirakı ilə keçirilən mərasimdə layihənin məqsədi və əhəmiyyəti barədə ətraflı məlumat verilmişdir.
Tədbirdə respublikanın müvafiq maliyyə qurumlarının və əlaqədar təşkilatların nümayəndələri iştirak etmişlər.
Təqdimat mərasimində qeyd olunmuşdur ki, Abşeron, Dəvəçi, Xızı və Siyəzən rayonlarını əhatə edən layihə beş il müddətinə həyata keçiriləcək və bu məqsəd üçün 25 milyon ABŞ dollarından çox vəsait xərclənəcəkdir. Adları çəkilən rayonlarda suvarma sistemi, habelə drenaj şəbəkəsi bərpa olunacaq, istifadəsiz torpaq sahələri əkin dövriyyəsinə daxil ediləcək, hər bir rayonda Sudan istifadəedənlər birlikləri, onların səmərəli və etibarlı su təminatına imkan verən infrastrukturu yaradılacaqdır.
Layihədə kiçik sahibkarlara və fermerlərə maliyyə problemlərini aradan qaldırmaq, torpaq mülkiyyətçilərini kənd təsərrüfatı maşın və mexanizmləri ilə təmin etmək məqsədi ilə kredit xətti açılması nəzərdə tutulur.
İFAD Layihələrinin direktoru Vüqar Mehdiyev AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, sözügedən layihənin həyata keçirilməsi dörd rayonda 15 mindən çox ailənin həyat səviyyəsinin yüksəlməsinə, güzəranının yaxşılaşmasına zəmin yaradacaqdır.
Kənd Təsərrüfatı Nazirliyi regionların sosial-iqtisadi inkişafını sürətləndirmək məqsədi ilə belə layihələri respublikanın digər bölgələrində də həyata keçirməyi nəzərdə tutur.