Şimali Koreya yeni taktiki raket sınağı keçirdiyini açıqlayıb
Pekin, 26 mart, AZƏRTAC
Koreya Xalq Demokratik Respublikası (KXDR) yeni taktiki idarəolunan raket buraxılışı sınağı keçirdiyini açıqlayıb.
AZƏRTAC KXDR-in Koreya Mərkəzi Xəbər Agentliyinə (KCNA) istinadla xəbər verir ki, sınaqlar martın 25-də həyata keçirilib. Bu, Şimali Koreyanın təxminən bir il fasilədən sonra ilk ballistik raket buraxılışı olub.
Bildirilir ki, ölkənin Müdafiə Elmləri Akademiyasının həyata keçirdiyi sınaq hədəflənən nəticələri verib. Təkmilləşdirilmiş raketin döyüş başlığı daşımaq imkanı 2,5 tona çatdırılıb. Buraxılan raketlər 600 kilometr məsafə qət edib.
Qeyd edək ki, martın 25-də Cənubi Koreya silahlı qüvvələrinin birləşmiş qərargahı KXDR-in Hamcu şəhərindən şərq istiqamətində dənizə 2 ortamənzilli raket buraxması və raketlərin 60 kilometr hündürlükdə 450 kilometr məsafə qət etməsi barədə məlumat yaymışdı. Bəzi ekspertlər Şimali Koreyanın yanvar ayında Pxenyandakı hərbi paradda nümayiş etdirdiyi və Rusiyanın “İskəndər2 raketini xatırladan KN-23 raketinin modernləşdirilmiş versiyasını sınaqdan keçirdiyini güman edirlər. Bu sınaqlar Şimali Koreyanın ikiqanadlı raket buraxılışından 4 gün sonraya təsadüf edib.
Cənubi Koreyanın “Yonhap” agentliyi Pxenyanın son raket sınaqlarını müzakirə etmək üçün ABŞ-ın təklif ilə BMT Təhlükəsizlik Şurasının sanksiyalar komitəsinin martın 26-da toplantısının keçiriləcəyini yazıb. Birləşmiş Ştatlar bir müddət əvvəl açıqlama yayaraq fevralın ortasından bəri Pxenyanla əlaqə qurmağa çalışdığını, amma KXDR-dən cavab alınmadığını bəyan edib. Şimali Koreyanın xarici işlər nazirinin müavini Ço Son-huy Vaşinqtonun Pxenyana qarşı düşmənçilik siyasətindən əl çəkməyənədək ölkəsinin ABŞ-ın təkliflərinə məhəl qoymamağa davam edəcəyini bildirib. İki ölkə arasında nüvə danışıqları 2019-cu ildə ABŞ-ın sabiq prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen In arasında Hanoyda nəticəsiz başa çatan görüşdən sonra dayanıb.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin