Siqaretlərin və dərman preparatlarının qanunsuz yolla ölkəyə gətirilməsi cəhdinin qarşısı alınıb
Bakı, 27 iyun, AZƏRTAC
Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin “Samur” gömrük postunda iki fakt üzrə dərman preparatları və siqaretlərin gömrük nəzarətindən gizlədərək ölkə ərazisinə keçirilməsi cəhdinin qarşısı alınıb.
Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiyadan gələn Azərbaycan vətəndaşlarının “Mercedez Benz Actros” və “DAF” markalı yük avtomobillərinə gömrük baxışı həyata keçirilib. Yoxlama zamanı nəqliyyat vasitələrindən gömrük nəzarətindən gizlədilmiş şəkildə 2060 ədəd “Parliament Heets”, 200 ədəd “Marlboro micro”, 1180 ədəd “King” markalı siqaret və 276 həb müxtəlif adda dərman preparatı aşkarlanıb.
Hər iki faktla bağlı araşdırma aparılır.