Şirvanlı gənclər Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər
Quba, 30 mart, Elxan Yusifli, AZƏRTAC
31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar soydaşlarımızın Quba Soyqırımı Memorial Kompleksini və ərazidəki kütləvi məzarlığı ziyarəti davam edir.
AZƏRTAC xəbər verir ki, martın 30-da Şirvan rayonundan olan 50-yə yaxın gənc fəal soyqırımı qurbanlarını ziyarət edənlər sırasında olub.
Ziyarətin təşəbbüskarı, Milli Məclisin deputatı Rafael Cəbrayılov bildirib ki, gənc nəslin bu məzarlığı görməsi və özündən sonrakı nəsillərə çatdırması olduqca vacibdir. Bu məzarlıq erməni qəsbkarlarının iç üzünün dünyaya çatdırılması üçün nümunədir.
Quba Soyqırımı Memorial Kompleksini və ərazidəki kütləvi məzarlığı ziyarət zamanı gənclər ermənilərin törətdikləri soyqırımı haqqında ətraflı məlumatlandırılıblar. Diqqətə çatdırılıb ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkar edilib. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib.
Qeyd edilib ki, Quba Soyqırımı Memorial Kompleksi Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılıb və 2013-cü il sentyabrın 18-də açılışı olub.
Komplekslə tanışlıqdan sonra ziyarətçilər xatirə kitabına ürək sözlərini yazıblar.