Səhiyyə Nazirliyinin sanitar-epidemiologiya xidməti yaz-yay mövsümünün başlanması ilə əlaqədar Abşeron çimərliklərindən götürülmüş su nümunələrinin laboratoriya analizini aparmışdır. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən
AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Mərdəkan, Buzovna, Zuğulba, Pirşağı, Nardaran, Novxanı və Şıxovdakı, sahil qəsəbəsindəki özəl obyektlər istisna olmaqla, çimərlik mövsümünə hazırlıq qeyri-qənaətbəxş sayılmışdır. Məsələn, əhali arasında daha populyar Novxanı və Pirşağı çimərliklərinin ərazisindən infeksiya mənbəyi olan quş və suiti cəmdəkləri hələ də yığışdırılmamışdır. Pirşağı çimərliyinin sanitar-mühafizə zolağının ərazisində qəsəbədən və “Pirşağı” sanitar-kurort birliyindən çirkli suların və kanalizasiyanın axıdılması nəticəsində sahilyanı zolaqla təmizləyici qurğular arasında böyük gölməçə əmələ gəlmişdir. Zuğulba çimərliyinin sanitar-mühafizə zolağındakı magistral kanalizasiya borusunun qəza vəziyyətində olması üzündən Buzovna və Zuğulba qəsəbələrindəki binaların çirkli suları Şüvəlan-Mərdəkan kanalizasiya-təmizləyici qurğularına çatmadan Buzovna çimərliyi yaxınlığında dənizə tökülür.
Novxanı çimərliyi yaxınlığında dəniz suyu Sumqayıt və Coratdan axıdılan çirkabla yenidən çirklənir.
Ekspertlər bildirmişlər ki, 2005-ci ilin aprel-may aylarında aparılan tədqiqatlara görə, dəniz suyu nümunələrində bakterioloji çirklənmənin səviyyəsi 52,3 faiz idisə, 2006-cı ildə bu göstərici 85,5 faizə çatmışdır. Məsələn, Şıx, Novxanı, Buzovna və Şüvəlan çimərliklərindən götürülmüş su nümunələrində bağırsaq çöpü bakteriyalarının miqdarı normadan 10-20 dəfə çox olmuşdur.
İyunun 1-dən Səhiyyə Nazirliyi Şıx, Novxanı, Buzovna və Şüvəlan çimərliklərindən istifadəyə müvəqqəti qadağa qoymuşdur.