“Siyasi Partiyalar haqqında” qanun layihəsi birləşmək azadlığı hüququnu özündə tam ehtiva edir
Bakı, 23 noyabr, AZƏRTAC
“Siyasi partiyalar haqqında” qanun layihəsi Konstitusiyaya və Avropa İnsan Hüquqları Konvensiyasına uyğun, birləşmək azadlığı hüququnu özündə tam ehtiva edir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli noyabrın 23-də parlamentin İctimai birliklər və dini qurumlar, Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları komitələrinin birgə iclasında çıxışı zamanı deyib.
O vurğulayıb ki, qanun layihəsində ictimai müzakirələr zamanı səsləndirilən narahatlıq doğuran məqamlar nəzərə alınıb. Qanun layihəsində dəyişikliklər müzakirələrdə söylənən fikirlərə əsasən edilib. Məhz bu düzəlişlərlə müzakirələr zamanı yaranmış narahatlıq aradan qaldırılır. Qanun layihəsi “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunun tələblərinə tam cavab verir.