Siyasi şərhçi: Cozef Baydenin məktubu Azərbaycanın regionda vacib ölkə olmasının daha bir təsdiqidir
Bakı, 3 iyun, AZƏRTAC
Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Cozef Baydenin dövlətimizin başçısına göndərdiyi məktub Azərbaycanın regionda vacib, əhəmiyyətli, güclü ölkə olmasının daha bir təsdiqidir. ABŞ-la Azərbaycan Respublikası arasında qurulmuş diplomatik münasibətlər 30 illik tarixə malikdir. Ötən illər ərzində ölkəmizin yürütdüyü məqsədyönlü, qarşılıqlı əməkdaşlığa əsaslanan siyasət güclü dövlətlər, beynəlxalq təşkilatlar tərəfindən də yaxından izlənilir. Bunun nəticəsidir ki, Avropa İttifaqı kimi qurumların, ABŞ kimi söz sahibi olan dövlətlərin son illərdə ölkəmizə etimadı daha da artıb və onlar əməkdaşlığa hazır olduqlarını bildirirlər. Bu əməkdaşlıqlar arasında mühüm amillərdən biri də hazırda dünyada cərəyan edən mürəkkəb hadisələr fonunda enerji təhlükəsizliyinə Azərbaycanın verə biləcəyi töhfədir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Murad Sadəddinov söyləyib.
Siyasi şərhçi deyib: “Azərbaycan Avropanın təhlükəsizliyi üçün kifayət qədər genişmiqyaslı fəaliyyət göstərib. Amma bunun əksinə olaraq, Trans-Anadolu və Trans-Adriatik qaz boru kəmərlərinin tikintisi zamanı bəzi beynəlxalq qurumlar, dövlətlər tərəfindən ölkəmizə çox ciddi təzyiqlər edilirdi. Belə ki, maliyyə mənbələrinin məhdudlaşdırılması, həmçinin bəzi ölkələrin ərazisində bir sıra ekoloji problemlər ortalığa atılmaqla ölkəmizin həyata keçirdiyi qaz kəməri layihəsinin icrasına maneə törətməyə çalışırdılar. Amma dövlətimizin başçısının müdrikliyi, uzaqgörən siyasəti nəticəsində Azərbaycan enerji ehtiyatlarını Avropa bazarlarına çatdırmaq üçün nəhəng dövlətlərarası, beynəlxalq əhəmiyyətə malik layihəni reallaşdırmağa nail oldu. Bu gün həmin enerji layihələrinin mövcudluğu sübut edir ki, Prezident İlham Əliyev gələcəyə hesablanmış siyasət həyata keçirir”.
M.Sadəddinov əlavə edib ki, bu gün Avropada ciddi enerji problemi mövcuddur. Avropada cərəyan edən enerji böhranı fonunda ölkəmizin rolu daha da artıb. ABŞ Prezidenti Cozef Baydenin dövlətimizin başçısına məktubunda təkcə Azərbaycana məxsus qaz yataqlarının vacibliyindən deyil, həm də ölkəmizin bu sahədə böyük, regional tranzit oyunçuya çevrilməsindən danışılması diqqətçəkən məqamlardandır. ABŞ Prezidentinin məktubunda bu məsələ də vurğulanır ki, Transxəzər əməkdaşlığının nəhəng potensialının reallaşdırılmasında Azərbaycan mühüm əhəmiyyətə malikdir.