Siyəzənli gənclər “CV Center” layihəsində iştirak ediblər
Siyəzən, 11 oktyabr, Elxan Yusifli, AZƏRTAC
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Siyəzən nümayəndəliyinin təşkilatçılığı ilə həyata keçirilən “CV Center” layihəsi başa çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, siyəzənli gənclər layihə çərçivəsində peşəkar CV (Curriculum Vitae), müsahibə və təqdimat texnikaları haqqında maarifləndiriliblər.
Bir ay müddətində keçirilən treninqlərdə işə müraciət qaydaları, CV hazırlayarkən diqqət edilməli detallar, müsahibədə bədən dilinin rolu, telefonda ünsiyyət, işəgötürənlərin CV tərtibatında əhəmiyyət verdiyi və mail yazışmaları zamanı nəzərə alınmalı məqamlar barəsində biliklər gənclərə aşılanıb.
Özünüqiymətləndirmə testləri iştirakçıların zəif və güclü cəhətlərini öyrənməyə imkan verib.
Layihənin sonunda gənclər öyrəndiklərini tətbiq edərək öz “CV”lərini hazırlayıblar.
Sonda layihədə aktiv iştirak edən gənclər sertifikatla təltif ediliblər.