DÜNYA
Slovakiyada salmonella virusuna yoluxma halları getdikcə artır
![Slovakiyada salmonella virusuna yoluxma halları getdikcə artır](/files/2019/2/1200x630/1564728605417337723_1200x630.jpg)
Bratislava, 2 avqust, AZƏRTAC
Gigiyena mütəxəssisləri hesab edirlər ki, yayda havaların çox isti keçməsi və insanların yemək vərdişlərinin dəyişməsi Slovakiyada salmonella yoluxmalarının artmasına səbəb olub.
AZƏRTAC xəbər verir ki, 2018-ci ildə bu ölkədə yeddi mindən artıq salmonella virusuna yoluxma halı qeydə alınıb.
Səhiyyə qurumlarından “Sme daily” nəşrinə bildirilib ki, son beş ildə salmonella virusuna yoluxma halları ölkə üzrə 40 faiz artıb. 2014-cü ildə ölkədə 4379 yoluxma halı qeydə alınmışdırsa, dörd il sonra bu göstərici 7222-yə çatıb.
Salmonella bakteriyaları vasitəsilə yayılan Salmonella xəstəliyi ərzaq məhsullarında yaranır və vaxtında müalicə aparılmadıqda ölümcül də ola bilər. Bu səbəbdən də, gigiyena qaydalarına əməl olunması, təzə ərzaqların alınması və yeməyin yaxşı bişirilməsi xəstəliyin qarşısının alınması üçün ən yaxşı vasitələrdir.
Banska Bistritsa Regional Səhiyyə İdarəsindən Mariya Avdiçova qeyd edib ki, bəzən insanlar çiy yumurta yeyə biləcəklərini düşünürlər: “Əslində isə yumurta salmonella virusunun Slovakiyada yayılmasının başlıca səbəbidir. İnsanların qidalanma vərdişləri də dəyişib, indi onlar daha çox çiy balıq yeyirlər”.
Mütəxəssislərin fikrincə, isti havalar da salmonellaya səbəb ola bilər. “Hava əvvəlki illərdə olduğundan daha istidir və qida məhsullarının saxlanması optimal deyil”, - deyə Bratislava Komenius Universitetinin Tibb Fakültəsinin Mikrobiologiya İnstitutundan Adriana Liptakova qeyd edib.
Bundan əlavə, mütəxəssislər kampilobakterioz hallarının da artdığını vurğulayıblar. Bu virus da salmonellaya bənzəyir, lakin epidemiyaya səbəb olmur.
Mütəxəssislər səhiyyə qurumlarını və əhalini bu məsələyə diqqətli olmağa çağırıblar, eyni zamanda, mediada maarifləndirmə işinin gücləndirilməsini vacib hesab ediblər.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Bratislava