Sloveniya Parlamentində Baş nazirə etimadsızlıq göstərilməsinə dair müraciət rədd edilib
Lyublyana, 27 may, AZƏRTAC
Sloveniya Parlamentində Baş nazir Yanez Yanşaya etimadsızlıq göstərilməsinə dair müraciət rədd edilib.
AZƏRTAC xəbər verir ki, Baş nazirin impiçmenti üçün müxalifət partiyaları tərəfindən qaldırılmış məsələ səsverməyə qoyulub və etimadsızlıq votumu üçün mütləq səs çoxluğu əldə olunmayıb. 42 parlamentari sağçı-mühafizəkar Yanez Yanşanın əleyhinə səs versə də, 44 parlamentari onun vəzifə səlahiyyətlərinin davam etdirilməsinə tərəfdar olub. Səsvermədə parlamentin 90 üzvündən 87 nəfər iştirak edib.
Baş nazirin vəzifədən kənarlaşdırılması üçün azı 46 parlamentarinin Konstitusiya Məhkəməsinə şikayətin göndərilməsi layihəsini dəstəkləməli idilər. Layihəni dəstəkləyən müxalifət partiyalarının parlamentdə ümumi sayı 43 nəfər olduğuna görə, bitərəf deputatların dəstəkləmədiyi impiçment prosesi uğursuzluğa düçar olub.
Səsvermədən öncə parlamentdə çıxış edən Y.Yanşa Sloveniyanı müxalifətin iddia etdiyi kimi fəlakət deyil, olduqca nikbin dövr gözlədiyini vurğulayıb. O bildirib ki, pandemiyaya qarşı mübarizənin təşkilində baş verən qüsurlar ilk növbədə keçmiş hökumətin sosial və səhiyyə sahələrinə diqqətsizliyi ucbatından baş verib.
Qeyd edək ki, mərkəz-solçu müxalifət partiyaları (sosial-demokratlar, “Maryan Şaretsin siyahısı“, solçular və keçmiş Baş nazir Alenka Bratuşekin partiyası (SAB)) aprel ayında Y.Yanşanı konstitusiya və digər qanunları azı altı hal üzrə pozmaqda ittiham ediblər. Baş nazirə qarşı iddialar arasında koronavirus pandemiyasına qarşı mübarizəni düzgün təşkil edilməməsi, peyvəndlərin alınmasında ləngimə və yanlış qərarlara yol verilməsi, media azadlığının məhdudlaşdırılması və prokurorluq orqanlarının işinə müdaxilə yer alır.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Lyublyana