Sloveniyada hökumətin peyvənd dozlarının alışındakı qərarı tənqidə tuş gəlib
Lyublyana, 24 mart, AZƏRTAC
Sloveniyanın Baş naziri Yanez Yanşa koronavirusa qarşı peyvənd dozlarının alışı ilə bağlı tənqid hədəfinə tuş gəlib.
AZƏRTAC xəbər verir ki, ölkənin müxalifət partiyaları hökumət rəhbərini ötən ilin payızında Avropa İttifaqı ölkələri üçün nəzərdə tutulan peyvəndlərin alışı müqaviləsində ölkə üçün yetərincə kontingent sifariş etməməkdə qınayıb. Konkret olaraq Sloveniya həmin vaxt “BioNTech/Pfizer“ və “Moderna“ şirkətlərinin istehsal edəcəyi peyvəndlərlə bağlı anlaşmada 900 min dozu satın almaqdan imtina edib. Bununla da Avropa Komissiyası ötən ilin dekabr ayında əlavə olaraq 100 milyon doz “BioNTech/Pfizer“ və 80 milyon doz “Moderna“ istehsalı peyvəndlərlə bağlı müqavilə bağlayarkən, Sloveniya müvafiq şəkildə 500 min və 400 min dozun alışı fürsətini qaçırıb.
Həmin vaxt səhiyyə naziri vəzifəsini də icra edən Baş nazir Yanez Yanşa 2021-ci ilin ikinci yarısında çatdırılmalı olan kontingentin alışını həyata keçirməyib. Sloveniya ilə yanaşı Slovakiya və Bolqarıstan da eyni addımı atıblar. Bu barədə məlumatı sloven mətbuatı Brüsseldəki mənbələrə əsasən yayıb.
Sloveniya Səhiyyə Nazirliyi bu xəbərləri təsdiqləsə də, həmin vaxt əlavə dozların alışından imtinanın səbəblərinə aydınlıq gətirib. Qeyd edilib ki, hökumət “AstraZeneca“ peyvəndinin daha erkən və sərfəli qiymətlərlə bazara çıxacağına ümid etdiyinə görə, bu alışı həyata keçirməyib. Eyni zamanda, əlavə dozların ilin ikinci yarısında çatdırılacağına dair şərt hökumət üçün əlverişli sayılmayıb.
Hazırda müxalifətdə olan keçmiş Baş nazir Maryan Şarets və onun rəhbərlik etdiyi ”Maryan Şaretsin siyahısı” partiyası hökumət başçısına qarşı Konstitusiya Məhkəməsinə şikayət verəcəyini bəyan edib. O, Y.Yanşanı təklif olunan bütün peyvənd kontingentini almamaqla ölkə vətəndaşlarının sağlamlığını təhlükə altına salmaqda ittiham edib.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Lyublyana