SOCAR əməkdaşları Zəfər Günü münasibətilə şəhidlərimizin xatirəsinə 3 minə yaxın ağac əkiblər
Bakı, 6 noyabr, AZƏRTAC
SOCAR əməkdaşları Zəfər Günü münasibətilə kütləvi iməciliklər, ağacəkmə tədbirləri keçirib.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, noyabrın 5-də Bibiheybət ərazisində keçirilmiş iməcilikdə, Vətən müharibəsində həlak olmuş şəhidlərimizin sayına uyğun olaraq, onların xatirəsinə 3 minə yaxın ağac əkilib. Tədbirdə SOCAR-ın rəhbərliyi, Vətən müharibəsində iştirakçısı olmuş 70-dən çox neftçi, eləcə də idarə və müəssisələrin təmsilçiləri iştirak ediblər.
Keçirilmiş iməciliklər SOCAR-ın fəaliyyət göstərdiyi ərazilərdə ətraf mühitə mənfi təsirləri minimuma endirmək məqsədilə aparılan genişmiqyaslı yaşıllaşdırma və abadlaşdırma işlərinin davamı olub, ekoloji vəziyyətin yaxşılaşdırılmasına töhfə verib.
Qeyd edək ki, 2019-cu ildə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsünə qoşulan SOCAR “Nəsimi İli” çərçivəsində ölkəmizdə keçirilən ağacəkmə kampaniyasında fəal iştirak edib və 100 min ağac əkib. Ümumiyyətlə, bu günədək SOCAR əməkdaşları tərəfindən müxtəlif ərazilərdə 1 milyondan çox ağac-kol və gül bitkiləri əkilib. Eyni zamanda, son 15 il ərzində əvvəlki dövrlərdə neft və neft məhsulları ilə çirklənmiş 4040 hektarlıq mədən ərazilərinin 2888 hektarı təmizlənərək bərpa edilib.