SOCAR ilə “Oceaneering International” arasında əməkdaşlıq imkanları nəzərdən keçirilib
Bakı, 12 iyun, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf “Oceaneering International” şirkətinin prezidenti və baş icraçı direktoru Roderick Larson ilə görüşüb.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, görüşdə SOCAR ilə “Oceaneering International” arasında səmərəli əməkdaşlıqdan məmnunluq ifadə edilib, qarşılıqlı münasibətlərin uğurla inkişaf etdiyi qeyd olunub.
Söhbət zamanı SOCAR-ın uzunmüddətli strategiyasından danışılıb, bu xüsusda dayanıqlı inkişafın gücləndirilməsi məqsədilə innovativ texnologiyaların tətbiqinin prioritet istiqamətlər kimi müəyyənləşdirildiyi bildirilib.
Görüşdə, həmçinin SOCAR-ın fəaliyyət göstərdiyi sahələrdə müasir texnologiyaların istifadəsi istiqamətində potensial əməkdaşlıq imkanları nəzərdən keçirilib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Baş ofisi ABŞ-ın Hyuston şəhərində yerləşən “Oceaneering International” şirkəti beynəlxalq şirkətlərə mühəndislik xidmətləri və avadanlıqlar təqdim edən, sualtı mühəndislik və tətbiqi texnologiya şirkətidir.