SOCAR-ın keçmiş təqaüdçüsü ABŞ-da xərçəngə qarşı yeni immunopreparat hazırlayıb
Bakı, 21 aprel, AZƏRTAC
SOCAR-ın keçmiş təqaüdçüsü Aslan Mansurov ABŞ-da xərçəngə qarşı yeni immunopreparat hazırlayıb.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, SOCAR-ın Xarici Təqaüd Proqramının qalibi kimi ABŞ-ın prestijli təhsil ocağı olan Minnesota Universitetində kimya mühəndisliyi üzrə təhsil almış A.Mansurov bugünkü uğurlara görə 2013-cü ildə SOCAR-ın Təqaüd Proqramını qazandığı üçün özünü şanslı hesab edir. 2017-ci ilin mayında Minnesota Universitetini fərqlənmə diplomu ilə bitirən A.Mansurov Kimya mühəndisliyi dərəcəsi alıb. Biologiyaya və təbabətə olan marağı onu bu sahədə təhsilini davam etdirməyə sövq edib.
“Əslində biologiyaya marağım bakalavrın son illərində yarandı. İnsan orqanizmi daha çətin bir sistemdir. Biologiyada immun sistemi o qədər mürəkkəbdir ki, onu təkcə riyazi qanunlarla izah etmək mümkün deyil, çoxlu tədqiqat aparmalısan. Biologiyaya, təbabətə çox böyük həvəsim var idi. Fikirləşdim ki, bir kimya mühəndisi kimi, xərçəng xəstəliyində nə kimi yeniliklər edə bilərəm. Artıq Molekulyar mühəndisilk fakültəsinə qəbul olandan sonra burada bir sıra professorlarla əlaqədə idim. Cefri Habl hansı ki, hazırda elmi rəhbərimdir, onun laboratoriyasından çox xoşum gəlmişdi. O, immunologiyanı məhz kimya mühəndisi kimi öyrənir və biomühəndislik sahəsi üzrə dünyanın ən aparıcı ekspertlərindən biridir. Elmi rəhbərim ABŞ-ın Milli Tibb Akademiyasının və Milli Mühəndislik Akademiyasının seçilmiş üzvüdür. Otuz illik karyerasında onun laboratoriyasında hazırlanan bir sıra dərmanlar artıq insanlar üzərində tətbiq olunur”, - deyə A.Mansurov bildirib.
Hazırda Çikaqo Universitetinin Pritzker Molekulyar Mühəndislik İnstitutunun doktorantı olan həmyerlimizin hazırladığı “İnterlikin-12” (“IL-12”) preparatı xərçəng hüceyrələri ilə mübarizədə yüksək təsirə malikdir. Yeni immunopreparat artıq 800-dək siçan üzərindən tətbiq olunub. Siçanların böyük əksəriyyəti bu xəstəlikdən tamamilə sağalıb. Baxmayaraq ki, kimya və şüa terapiyaları eyni xərçəng növlərini daşıyan siçanlara heç bir təsir göstərməyib. Bu da “IL-12” preparatının standart müalicələrdən üstün olduğunu göstərir.
“Siçanla insanın immun sistemi çox bənzərdir. Bu, hardasa 90 faiz bənzərlik deməkdir. Siçanlarda bir sıra xərçəng xəstəlikləri mövcuddur. Mənim son elmi məqaləmdə biz elə siçanlardan istifadə etmişdik ki, onların dəri xərçəngi, süd vəzi xərçəngi, ağ ciyər xərçəngi var. Bu xərçəng modelləri insana çox bənzəyirlər. Əgər siçanda müsbət nəticə görürsənsə, bu o deməkdir ki, insan üzərində tətbiq etmək mümkündür”, - deyə o qeyd edib.
Yaxın bir il ərzində “IL-12” preparatı insanlar üzərində yoxlanılacaq. Hazırda bir sıra həkimlərlə və klinikalarla bu preparatı insanlarda yoxlamaq üçün danışıqlar aparılır. Həmyerlimizin elmi məqaləsi “Nature Biomedical Engineering” jurnalında çap olunub. Bu jurnal biomühəndislik və biotexnologiya sahəsində ən prestijli jurnallardan biri sayılır.
A.Mansurov deyib: “İmmunoterapiyada əsasən ağ qan hüceyrələrinə təsir göstərir. Bizim işlədiyimiz zülalda - “İnterlikin-12” ağ qan hüceyrələri var. T-limfositlər belə bir xassəsi var ki, onlar xərçəng hüceyrələrini axtarıb yüksək evvektivliklə öldürə bilir. Amma xərcəng insan bədənində yayılanda bu T-limfositlər bir az passiv vəziyyətdə olur. Xərçəng hüceyrələrini yaxşı tapıb öldürə bilmirlər. Xərçəng hüceyrələri bizim bədənimizdə hər an yarana bilər. Lakin bizim T-limfositlər ağ qan hüceyrələrimiz həmin xərçəng hüceyrələrini tapıb öldürür və qoymur ki, həmin xərçəng hüceyrələri böyüsün. Amma xərçəng pasientlərində həmin T-limfositlər passiv olur və xərçəng hüceyrələrini öldürmək üçün axtara bilmir. Bundan yararlanan xərçəng hüceyrələri böyüməyə başlayır. Bizim “İnterlikin-12” molekulası T-limfositləri aktivləşdirir. Orqanizmə instruksiya verir ki, get o xərçəng hüceyrəsini tap, öldür”.
Həmyerlimiz elmi tədqiqatına patent alıb və Çikaqo Universitetində bu sahədə elmi araşdırma aparan ilk azərbaycanlıdır.