SOÇİDƏ FÖVQƏLADƏ HALLAR NAZİRLƏRİNİN İCLASI BAŞA ÇATMIŞDIR
Nazir K.Heydərov iyunun 7-də iclasda çıxış edərək müzakirə olunan məsələlərə münasibətini bildirmiş, Azərbaycanda yenicə fəaliyyətə başlayan FHN-nin formalaşdırılması istiqamətində görülən işlərdən söz açmış, qarşılıqlı əməkdaşlığın genişləndirilməsinin ümumi işə müsbət təsir göstərəcəyinə əmin olduğunu söyləmişdir.
Ölkəmizdə sənayenin, kənd təsərrüfatının, tikinti sektorunun inkişafı ilə bağlı rəhbərlik etdiyi qurumun rolunun artdığını qeyd edən K.Heydərov bildirmişdir ki, nazirlik fövqəladə halların sayının minimuma endirilməsini qarşısına məqsəd qoymuşdur. Bu, nazirliyin işinin təkmilləşdirilməsi və digər ölkələrin müvafiq qurumları ilə geniş əməkdaşlıq nəticəsində mümkündür.
İclasda fövqəladə hallar zamanı reaksiya vermənin və xəbərdarlıq etmənin effektiv mexanizmləri, qəza və böhrana reaksiya verməkdə, həmçinin fövqəladə halların nəticələrinin aradan qaldırılmasında müvafiq xidmətlər üzrə informasiya-kommunikasiya imkanları müzakirə edilmişdir. Aerokosmik monitorinq texnologiyalarına, yanğınsöndürmədə aviasiya vasitələrindən istifadəyə, fəlakət zonasında insanlara tibb xidməti göstərilməsinə xüsusi diqqət yetirilmişdir.
İştirakçılar tərəfindən 1998-ci il aprelin 15-də Rusiya Federasiyasının Soçi şəhərində təbii və texnogen fəlakətlər zamanı fövqəladə yardım və fövqəladə hallarda reaksiya sahəsində əməkdaşlıq barədə QİƏT-in üzvü olan dövlətlərin hökumətləri arasında bağlanmış Sazişə əlavə protokol imzalanmışdır. QİƏT-in üzv ölkələrinin xilasetmə xidməti rəhbərlərinin Birgə Bəyannaməsi çərçivəsində Qara dəniz regionunda xilasedici vasitə və qüvvələrin reyestrinin, rabitə zabitləri şəbəkəsinin və Qara dəniz regionunun xilasetmə qüvvələrinin və vasitələrinin yaradılması nəzərdə tutulur.