“SODRUJESTVO” CƏMİYYƏTİ SƏMƏD VURĞUNUN 100 İLLİYİ MÜNASİBƏTİLƏ ƏDƏBİ GECƏ TƏŞKİL ETMİŞDİR
Cəmiyyətin sədrinin müavini Mixail Bolotnikov demişdir ki, bu tədbir Azərbaycanda Rusiya İli çərçivəsində keçirilir. Bəlkə də heç bir şair Azərbaycan-Rusiya ədəbi əlaqələrinin möhkəmləndirilməsinə Səməd Vurğun qədər töhfə verməmişdir. S.Vurğun rus şairlərini Azərbaycan dilinə dəfələrlə tərcümə etmişdir. Azərbaycan oxucusu “Yevgeni Onegin”lə onun sayəsində tanış olmuşdur.
Ədəbi gecənin iştirakçılarını elə Vurğunun özü salamlamışdır. Şairin rus dilində öz şeirlərini oxuduğu lent yazısı səsləndirilmişdir.
Saz şairin sevimli musiqi aləti idi. Sarabski adına 7 nömrəli musiqi məktəbinin şagirdi sazda Səməd Vurğunun sözlərinə bəstələnmiş mahnı ifa etmişdir. Bakı Slavyan Universiteti yanında liseyin yetirmələri “Şair, nə tez qocaldın sən?” adlı proqram hazırlamış, “Vaqif” pyesindən parçalar səhnələşdirmişlər.
BSU-nun dosenti Antonina Tretyakova Vurğun yaradıcılığından danışmışdır.
Gecənin bir çox iştirakçıları Vurğuna həsr olunmuş şeirlərini oxumuşlar.
Gürcüstan Jurnalistlər İttifaqının üzvü, şair Anna Barkulaşvili Vurğunun onun vətənində necə sevildiyindən söhbət açmışdır. Qonaq bildirmişdir ki, ötən il Tbilisidə Səməd Vurğun adına Poeziya evi açılmışdır. Bir ay əvvəl isə orada şairin yubileyi qeyd edilmişdir.
Səməd Vurğun deyirdi: “Bizim Gürcüstanla dostluğumuz sarsılmaz və əbədidir”. Bu sözləri başqa xalqlara da şamil etmək olar. Poeziyanın vurğunu olan hər bir kəsin sevdiyi və xatırladığı böyük beynəlmiləlçi şair məhz belə fikirləşirdi.
Gecədə şairin qızı, Səməd Vurğunun ev muzeyinin direktoru Aybəniz Vəkilova iştirak etmişdir.