Sofiyada on minlərlə bolqar hökumətin istefasını tələb edir
Sofiya, 10 dekabr, AZƏRTAC
Bolqarıstanın paytaxtı Sofiyada müxalifət partiyalarının təşkil etdiyi genişmiqyaslı etiraz aksiyası hökumətin istefası və növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edir. Aksiya hökumət binası, prezident administrasiyası və parlament arasında yerləşən “hakimiyyət üçbucağı” adlanan ərazidə on minlərlə etirazçı toplaşıb.
Meydanda böyük monitorlar quraşdırılıb ki, iştirakçılar çıxışları və prosesləri aydın şəkildə izləyə bilsinlər.
Etirazçılar yalnız hökumətin istefasını deyil, həmçinin ölkənin idarəetmə sisteminin dəyişdirilməsini tələb edir. Onlar Bolqarıstanın problemlərində “Vətəndaşlar Avropanın İnkişafı uğrunda” partiyasının lideri Boyko Borisovu və “DPS – Yeni başlanğıc” siyasi birliyinin rəhbəri Delyan Peevskini günahlandırırlar.
Meydanlardan belə şüarlar səslənib: “Biz aldadılmağa imkan verməyəcəyik!”, “Sirk bitdi! İstefa və məhkəmə vaxtıdır!”, “Bolqarıstanda mafiya idarəçiliyinə son!”.
Sofiya polisinin gücləndirilmiş tərkibdə xidmət aparmasına baxmayaraq, şəhərin mərkəzində yol hərəkəti tamamilə iflic edilib. Polis etirazlara giriş məntəqələrində 25 nəfəri saxlayıb, onlardan bıçaq, qaz balonları, pirotexnika və kütləvi tədbirlərdə qadağan olunan digər əşyalar götürülüb.
Bolqarıstan Milli Televiziyasının məlumatına görə, kütləvi etiraz aksiyaları Plovdiv, Varna, Burqas, Veliko Tırnovo və digər böyük şəhərlərdə də davam edir.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Sofiya