DÜNYA
Son 24 saat ərzində İranda 1297 nəfər virusa yoluxub
Tehran, 21 aprel, AZƏRTAC
Bu günə olan məlumata əsasən İranda koronavirusa yoluxanların sayı 84 min 802 nəfərə çatıb.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Kiyanuş Cahanpur verib. O bildirib ki, son 24 saat ərzində 1 297 nəfərin koronavirusa yoluxması faktı aşkarlanıb, 88 nəfər isə ölüb. Ölənlərin ümumi sayı isə 5 min 297-yə çatıb.
Bununla yanaşı xüsusi xəstəxanalarda müalicə alaraq sağalanların sayı 60 min 965 nəfərə çatıb.
Bu arada Ümumdünya Səhiyyə Təşkilatı İrana tibbi maska və digər tibbi preparatlardan ibarət dəyəri 4 milyon dollar olan humanitar yardım göndərib. Təşkilatdan bildiriblər ki, bu ölkəyə əlavə yardımlar da göndəriləcək.
İranın məhkəmə hakimiyyəti açıqlama verərək nəzərə çatdırıb ki, koronavirus pandemiyası ilə əlaqədar olaraq bu günə kimi 100 min məhbus azadlığa buraxılıb. Onlardan 1000 nəfəri İrana qarşı casusluqda ittiham edilərək həbs olunan xarici dövlətlərin vətəndaşlarıdır.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran