Son dövrdə 7 ölkədə 50 qida obyektinin qiymətləndirməsi aparılıb
Bakı, 12 iyun, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən xarici ölkələrdə fəaliyyət göstərən qida obyektlərinin məhsullarının respublikamızın gömrük ərazisinə idxal olunması üçün həmin müəssisələrin təsdiqi prosesi davam etdirilir. “Qida təhlükəsizliyi haqqında” Qanuna uyğun olaraq, xarici ölkələrdə fəaliyyət göstərən qida obyektinin təsdiq olunması yerində qiymətləndirilmə və ya onlayn formatda həyata keçirilir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, bununla əlaqədar olaraq bu ilin may ayında və iyunun əvvəlində Rusiya, Belarus, Bolqarıstan, Gürcüstan, Ukrayna, Çin Xalq və İran İslam Respublikalarına məxsus 22-si yerində, 28-i isə onlayn formatda aparılmaqla 50 müəssisədə qiymətləndirmə həyata keçirilib.
Hazırda qiymətləndirmə aparılmış xarici qida obyektlərindən qiymətləndirmə hesabatları yekunlaşan 23 xarici obyektdən 9-u təsdiq edilib, 12-si şərti təsdiq edilib, 1-nə təsdiqdən imtina verilib və 1-i ilə bağlı isə təkrar qiymətləndirmənin aparılması barədə qərar qəbul edilib.
Qeyd edək ki, bu ilin iyun-avqust ayları ərzində həmin ölkələr, eyni zamanda Almaniya, Polşa və Türkiyədə daxil olmaqla 18-i yerində, 94-ü onlayn formatda (həmin ölkələrin aidiyyəti qurumları ilə razılaşdırılmış siyahı əsasında) 112 müəssisədə qiymətləndirmə aparılması nəzərdə tutulur.